
Bu gün İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisələrdən biri baş verib.
Newscenter.az xəbər verir ki, ilk dəfə nəşr olunan “İsmayıllı” jurnalının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi ilə bağlı fikirlərini sosial şəbəkə hesabında bölüşən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib ki, “İsmayıllı” jurnalı rayonun qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, çoxmillətli həyat tərzini, eləcə də geniş turizm potensialını özündə əks etdirən dəyərli nəşrdir:
"Təbiətin füsunkar gözəlliyi, ekoturizm imkanları, tarixi abidələri və qonaqpərvərliyi ilə seçilən İsmayıllının daha geniş auditoriyaya tanıdılması jurnalın əsas məqsədlərindən biridir.

Bu layihə həm rayonun keçmişini və bu gününü işıqlandırır, həm də gələcəyə uzanan inkişaf yolunu əks etdirir.
Təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürümü bildirir, jurnalın ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə minnətdarlığımı ifadə edirəm".
Nahid Bağırov əmin olduğunu bildirib ki, “İsmayıllı” jurnalı rayonumuzun tanıdılması, turizm imkanlarının təbliği və milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi mənbələrdən biri olacaqdır.

Ruhiyyə Mehdiyeva











































