
"XX əsrin sonunda Azərbaycanı dünya iqtisadiyyatının mərkəzinə çıxaran ən böyük hadisələrdən biri “Əsrin Müqaviləsi” oldu. 1994-cü ildə imzalanan bu müqavilə yalnız enerji layihəsi deyildi, bu, Azərbaycanın müstəqilliyini iqtisadi gücə çevirən tarixi qərar idi. Həmin dövrdə neft və qaz dünya iqtisadiyyatının əsas dayağı hesab olunurdu və Azərbaycan doğru zamanda doğru strateji addım atdı".
Newscenter.az xəbər verir ki, bunları Azturk Holding-in prezidenti Güləli Bağırov deyib. O qeyd edib ki, bu gün isə dünya dəyişir, neft əvvəlki gücünü itirir:
"Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatlarına görə, 2030-cu ilə qədər dünyada elektrikli avtomobillərin sayı 350 milyonu keçə bilər. Avropa Birliyi 2035-ci ildən etibarən benzin və dizel avtomobillərinin satışını dayandırmağı planlaşdırır. Çin artıq dünyanın ən böyük elektrikli avtomobil istehsalçısına çevrilib. Tesla, BYD, Rivian kimi şirkətlər enerji bazarının gələcəyini dəyişir. Günəş və külək enerjisi üzrə investisiyalar ilk dəfə olaraq neft investisiyalarını bir çox bölgədə geridə qoyub. Yəni XXI əsrin ikinci yarısında əsas güc yalnız neft olmayacaq".
Güləli Bağırov hesab edir ki, gələcəyin əsas gücü logistika, strateji tranzit yolları, süni intellekt, rəqəmsal şəhərlər, enerji və məlumat axınına nəzarət olacaq:
"Məhz bu nöqtədə “NeoOrdo Xəzər Körpüsü” layihəsi ortaya çıxır. Bu layihə sadəcə körpü deyil. Bu, yeni nəsil İpək Yoludur, Avrasiyanın gələcək tranzit xəritəsidir, Azərbaycanı Şərq ilə Qərb arasında əsas strateji mərkəzə çevirə biləcək layihədir".
Layihənin əsas məqsədi barədə məlumat verən Azturk Holding prezidenti qeyd edib ki, Bakıdan başlayaraq Xəzər dənizi üzərindən Türkmənistan və Qazaxıstana birbaşa bağlantı yaratmaqdır:
"Bu bağlantı aşağıdakı sistemləri özündə birləşdirə bilər, avtomobil yolu, yüksək sürətli dəmir yolu, enerji xətti, fiber-optik internet infrastrukturu, logistika və yük daşımaları, ağıllı liman və sərbəst iqtisadi zonaları.
Niyə bu layihə gələcək üçün həyati əhəmiyyət daşıyır? Çünki Yeni İpək Yolunun mərkəzi finksiyasını oynayır. Hazırda Çin ilə Avropa arasındakı illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşır. Bu yüklərin böyük hissəsi Rusiya üzərindən, Süveyş kanalı vasitəsilə,
və uzun dəniz marşrutları ilə daşınır. Lakin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki risklər, İran-Amerika gərginliyi, Qırmızı dənizdə təhlükəsizlik problemləri dünyanı alternativ yollar axtarmağa məcbur edir.
NeoOrdo Xəzər Körpüsü isə Orta Dəhlizi dünyanın ən təhlükəsiz və sürətli tranzit xəttinə çevirə bilər.
İkincisi, gələcəyin savaşları neft üçün deyil, yollar üçün olacaq. Tarix göstərir ki, keçmişdə savaşlar torpaq uğrunda idi, sonra enerji uğrunda oldu. Ggələcəkdə isə logistika və strateji dəhlizlər uğrunda olacaq. Kim yolları idarə edəcəksə:
ticarəti, məlumat axınını, enerji keçidlərini, iqtisadi təsiri də o idarə edəcək".
Güləli Bağırov qeyd edib ki, NeoOrdo layihəsi məhz bu yeni dövrün strateji modelidir:
"Azərbaycanın regional gücdən qlobal mərkəzə çevrilməsi “Əsrin Müqaviləsi” Azərbaycanı enerji xəritəsinə saldı. NeoOrdo isə Azərbaycanı texnologiya, logistika, investisiya, ağıllı şəhərlər, rəqəmsal iqtisadiyyat sahəsində qlobal mərkəzə çevirə bilər.
Bu layihənin 10 il ərzində mərhələli şəkildə təxminən 350 milyard dollarlıq investisiya potensialına malik olması onu regionun ən böyük strateji layihələrindən birinə çevirir".
Azturk Holding rəhbəri qeyd edib ki, müasir dövrdə ən böyük uğur yalnız resurs sahibi olmaq deyil, dəyişən dünyanı vaxtında görməkdir:
"Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Şərq ilə Qərb arasında balanslı siyasət yürüdür, Orta Dəhlizi gücləndirir, Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır, həm enerji, həm logistika mərkəzi kimi mövqeyini genişləndirir.
Belə bir dövrdə NeoOrdo kimi layihələrin ortaya çıxması Azərbaycanın gələcəyi oxuyan strateji düşüncəsinin göstəricisi kimi qiymətləndirilə bilər. 1994-cü ildə “Əsrin Müqaviləsi” Azərbaycanın iqtisadi taleyini dəyişdi. NeoOrdo isə neftdən sonrakı dövrün,
yeni İpək Yolunun, rəqəmsal və strateji gələcəyin simvoluna çevrilə bilər".
"Dünya dəyişir. Yeni dövrdə ən böyük güc yalnız neftə sahib olmaq deyil, yolları, əlaqələri və gələcəyin tranzit sistemlərini idarə etmək olacaq. Azərbaycan isə bu dəfə də tarixin dönüş nöqtəsində doğru mövqedə dayanmağa çalışır",-deyə Güləli Bağırov vurğulayıb.
Süleyman İsmayılbəyli










































