Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zahid Oruc:” Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar”

Zahid Oruc:” Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar”


Dünyada gedən mürəkkəb proseslər və bəşəri çağırışlar dövründə insan hüquqları və azadlıqlarının qorunmasına xidmət edən belə mötəbər görüşdə çıxışa imkan yaratdığı üçün hörmətli Baş prokuror Kamran Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.

Əlbəttə, istənilən sahədə idarəetmə təkcə cari deyil, həm də gələcək çağırış və problemlərin həllini tələb edir. İnsan hüquqları və azadlqılarının qorunması isə hər zaman birinci yerə qoyulur, çünki dövlətlərin ali məramı, müqəddəs vəzifəsi sayılır. Lakin hazırda Birləşmiş Millətlər Təşkilatında təmsil olunan 193 dövləti əhatə edən dünya əhalisinin 7-də biri, yəni 1.2 milyarda yaxını qida, yanacaq, təhsil, səhiyyə və maliyyə böhranı içərisində yaşayır. Başa çatmaqda olan 2022-ci ildə Ukraynada davam edən müharibənin növbəti ilə keçməsi təkcə minlərlə insanın ölümü, on milyonlarla köçkünün deyil, gələcək nəsillərin də həyatında silinməz izlər qoyur. İndi qarşımıza çıxan insanlar yalnız özləri üçün deyil, dünyanın taleyindən də narahatlıqlarını, qorxularını bölüşürlər.

Xtırladaq ki, beynəlxalq “İnsan hüquqları günü” ikinci dünya müharibəsinin nəticəsidir. İnsanlığa qarşı cinayətlərin təkrarlanmaması üçün Nürnberq məhkəməsindən sonra belə qlobal təşəbbüs irəli sürüldü. Lakin insan hüquqlarına dair dünyəvi aktlar və deklarasiyalar hər yarım əsrdə köklü dəyişikliyə və təkamülə uğrayıb. "1, 2 və 3-cü nəsil hüquqlar" konsepsiyasına görə vətəndaş və siyasi, iqtisadi və sosial və nəhayət, insanların suveren ölkədə sülh və təhlükəsizlikdə yaşamaq hüququ inkişafın son nöqtəsi hesab olunur. Lakin 1789-cu il Fransız inqilabından bu yana SSRİ-nin dağılmasından sonra ayrılıqda insana, fərdə deyil, bütövlükdə topluma məxsus suveren və müstəqil ölkədə yaşamaq, inkişaf etmək və sülh hüququnu təmin etmək ən böyük ehtiyaca çevrilib.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu arzuladığı azad və müstəqil yaşamaq haqqını gerçəkliyə çevirdi. Lakin 1 milyona qədər köçkünü olan dövlətin təkcə ərazilərinin işğalı yox, eləcə də xalqının suverenliyi, öz doğma yurdunda qurub-yaratmaq idealının 20 faizdən çox basqıya və zora məruz qaldığını söyləməyə əsası var. Kimsə subyektiv saysa da deməliyik ki, son 30 ildə məmur-vətəndaş konfliktləri, idarəetmə sistemindəki daimi təkmilləşmə ehtiyacı, siyasi azadlıqların hüdudsuzluğu və çərçivəsinə dair hakimiyyətlə müxalifət arasındakı ziddiyyətlər, qeyri-mükəmməl vətəndaş cəmiyyəti, mülkiyyət və sərvət bərabərsizliyi, sosial təbəqələşmə və sair problemlər birbaşa və ya dolayısı ilə Qarabağ işğalının törəməsidir. Bir milyona qədər köçkünün humanitar ehtiyacları fonunda demokratik dövlət quruculuğunun birinci yerə qoyulması təhlükəsizliyini və döyüşmək hüququnu kənar qüvvələrə, 3-cü dövlətlərə vermək olardı.

Azərbaycan xalqının ən böyük hüququ-ərazi bütövlüyünü Vətən müharibəsində prezident İlham Əliyev təmin etdi. “İnsan Haqları günü”nün təsis edilməsinin 70-ci ildönümündə qazanılan parlaq Zəfər ikinci dünya savşındakı Qələbədən daha qiymətlidir, çünki hərbi meydanda döyüşən tək bir xalq idi. Lakin Zəfər yalnız bir millətə deyil, bəşəriyyətə məxsus hüquq və ədalət hadisəsidir. Bütün məzlum və istismara məruz qalan xalqlar onu özününkü saya bilər. 44 müqəddəs gün dünyada əzilən millətlərin hamısının mübarizə simvoludur.

Yeni reallıqda insan haqlarının təminatı üçün 1-ci çağırış, müharibə cinayətlərinin müddətdən asılı olmayaraq, cəzalandırma mexanizmlərinin işlək vəziyyətə gətirilməsidir. Təəssüflər olsun ki, indi yeni müharibələr insan hüquqlarını təmin etmək ideologiyası altında aparılır. Yaxud, əksinə antisavaş koalisiyaları dünya bölücülüyünün bir ayrı formasına çevilir. Məsələn, Ukrayna üçün qurulan tribunalların gerçək cinayətlərə qiymət vermək olduğu şübhə doğurur, çünki hərbi cinayətlərə selektiv yanaşıla bilməz.

Dövlət başçısı I Qarabağ müharibəsinin nəticələrini beynəlxalq gündəliyə daxil etməkdə israrlıdır. Lakin siz indiyədək yurisdiksiyasına qoşulduğumuz təşkilatlardan reaksiya eşitmisinizmi?

Əlbəttə, təkbaşına təhlükələrə qarşı durmaq çətindir. Ölkəmiz müharibədən sonra çətin daxili və xarici sınaqlar qarşısındadır. 23 mindən artıq şəhid ailələri, on minlərlə əlil və müharibə iştirakçısının hüquqi təminatları dövlət hakimiyyəti orqanlarının gündəlik vəzifəsi və işidir. Hər kəsə layiqli həyat yaşaması, normal qidalanması, müalicəsi, təhsilə əlçatanlığı, ədalətli mühakimə hüququna şərait yaratmaq yalnız o zaman təmin oluna bilər ki, biz insanlarla dialoq aparaq, ünsiyyət quraq, ictimai kommunikasiyanı kəsməyək, adamlara öz baxışlarını ifadə etməyə imkan yaradaq.

Bu prinsipdən çıxış etdikdə, əminliklə deyə bilərik ki, Respublika Baş prokurorluğu son illər yeni obrazda xalqımızın qarşısna çıxır, ictimai nüfuz və etibar qazanır. Xüsusilə, 2-ci Qarabağ müharibəsi dövründə Baş Prokurorluğun hüquq səngərində göstərdiyi peşəkarlıq döyüş meydanlarında aparılan əməliyyatlar qədər vacib idi. Yeni müharibə cinayətlərinin aktlaşdırılması beynəlxalq hüquqi savaş üçün mötəbərlik tələb edir. Bakıda erməni hərbçilərinin qanunsuz əməllərinə qiymət verilməsi əsrin ədalət mühakiməsi adlandırıla bilərdi.

Korrupusiya hüquqpozmalarına qarşı sərt münasibət son illər dövlət gündəliyində ön yerdədir. Xüsusilə də mərkəzi icra hakimiyyəti orqanlarında büdcə vəsaitələrinin mənimsənilməsinə qarşı cəzalandırma tədbirləri artıb. Həbsdə olanların sosial tərkibinin yalnız aşağı çinli məmurlar olduğunu deyənlər indi öz mövqelərində dəyişiklik edirlər.
Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün prezidentin tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi mühüm hadisəydi. Əlbəttə, hərbi sistemdə mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbidir.

Prezidentin etimadını itirən, rütbəsindən və dövləti mövqeyindən asılı olmayaraq, hər kəsə qarşı güzəşt limiti bitib. Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzü görürlər. Vəzifə mövqeyindən sui istifadə edənlərə qarşı tədbirlər sərtləşdirilib, lakin bütün dövlət qulluqçularını və hakimiyyəin müxtəlif qollarında xalqa xidmət edən on minlərlə insanı informasiya vasitələrində, sosial mediada və ictimai fikirdə linç etmə tendensiyaları da artıb.

Bəraət hökmləri sahəsində rəqəmlərin azlığı hər yerdə vurğulanır və hüquqi tədbirlər tələb edir. Ötən günlərdə, Ədliyyə orqanları ilə birgə keçirilən tədbirdə rəsmi şəxslərin 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözləməsi ilə bağlı verdiyi məlumatlar bizi narahat etməlidir. Dövlət adından çıxarılan qərar və qətnamələrin taleyi millətin mövqeyini, ictimai birgəyaşıyı, sosial ədaləti müəyyən edir.

Baş prokurorluq Xankəndi və ətraf ərazilərdə həyata keçirılən qanunazidd fəaliyyətlə bağlı belə məsələlərdə tutduğu prinsipial mövqeyə görə cinayət işi açacağına dərindən inanırıq. Ötən günlərdə hökumət təmsilçilərinin Xocalıya gedərək göstərdikləri fədakarlıq və prinsipiallıq ehtirama layiqdir.

Mən bir daha da Ukrayna müharibəsinə qoşulanlara münasibətdə hüquqi tədbirlərin aydınlaşdırılmasını təklif edirəm. Əfv Komissiyasında məsələyə toxunmuşduq. Xarici ölkələrdə silahlı hərbi birləşmələrin tərkibində iştirak muzdlu fəaliyyət olaraq, terror əməli kimi tövsif edilirsə, biz nizami orduya və dövlətin təşkil etdiyi legioner birşləşmələrə cəlb olunan adamların ölümünə göz yummamalıyıq. Fərqi yoxdur, səngərin hansı tərəfindədir, həqiqətdə qardaş-qardaşla döyüşür. Ukrayna müharibəsində həyatını itirənlərin sayı 9-a çatır. Sıralarımızdan gedən insanlarla bağlı yeni qanunvercilik təşəbbüsünə ehtiyac var.

Ölkə başçısının 2017, 2019-cu illərdə hüquqi sistemində təkmiləşdirmələrə dair fərmanları dövlətin ədalətin təmin olunmasında siyasi iradəsini göstərdi. Bəs cəmiyyət və hüquq sisteminin dəyişiklikləri nə dərəcədə təmin edə bilir? Çünki bəzən xalqın hazır olmadığı, ictimai ənənələrin kifayət etmədiyini iddia edən xeyli stereotiplər var. Nə üçün vətəndaşlar prezidentə müraciət edir. Bir ildə ölkə rəhbərinə gələn məktubların sayı, problemlərin xarkteri, təsnifatı haqda obyektiv təhlillər apararaq gerçək mənzərəni görmək olur. Əfv Komissiyasının iclaslarında çoxlu işlərə baxarkən-yeri gəlmişkən son dərəcə azad fikirli və hər bir komissiya üzvünün rəyinə, hər bir məhkum edilmiş şəxsin işinə diqqətlə yanaşıldığı bir platformada bəzən məndə belə olurdu ki, əvfə təqdim olunan şəxslər aşağı sosial təbəqənin təmsilçiləridir. Belə nəticə çıxırmı ki, imkanlı şəxslər daha az cinayət törədir, yaxud, onlar qanunsuzluq etdikdə, məsuliyyətdən yayına bilirlər. Bir sözlə, Azərbaycanda hüquq orqanlarının təsir gücü böyükdür. Vətən müharibəsində Qələbə ədalətli hüquq sisteminə tələbi artırıb. Böyük qayıdış 1-ci dövlət proqramı tarixi qərardır və azad torpaqlarda ədalətli hüquq sisteminin qurulması millətimizin ən böyük arzusudur. Vətən müharibəsindən sonra xüsusi nümayənədlik institutu yaradılıb. Lakin bütün qurumları yenilələri əvəz edə bilmərik. Deməli, iş prinsiplərimizi dəyişməliiyk. Azərbaycan insanı ədalət istəyir, çünki insanlar dövlətə güvəndikləri zaman qanunlara daha çox əməl edirlər. Bu aksiomadır.Biz ədalətli dövlət və hüquqi cəmiyyət qurduqca Azərbaycanın uğurları millətimizi cazibə mərkəzində saxlayacaq. Baxın, dünya azərbaycanlıları, fərq etməz onlar cənubda yaşayırlar, yoxsa şimalda Qələbəmizi özlərininki sayırlar. Deməli, tərəfdarlımız artır və biizmlə eyni coğrafi, siyasi, hüquqi məkanda yaşamaq istəyənlərin sayı çoxalır. Ona görə də hüquq və ədalətin keşiyində duranlarla səngərdə Vətəni qoruyanlarla eyni müqəddəs işi görürlər.

Gəlin, Qələbəmizi, deməli millətimizin və vətəndaşların hüquqlarını birgə qoruyaq!

Zahid Oruc-Milli Məclisin deputatı
Xəbəri paylaş