Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə nail olmaq üçün səylər göstərir

Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə nail olmaq üçün səylər göstərir


“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müraciəti, yerli, yaxud xarici mətbuata müsahibələri Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının və onların əsasında müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Ölkə Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra şanlı hərbi Qələbəsini siyasi müstəvidə də təsdiqləmək istiqamətində atdığı addımlara və əldə olunan uğurlara yönəltdi. Reallıq budur ki, ölkəmiz son iki ildə həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində istədiyinə nail olub. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Ölkəmiz öz sözünü açıq şəkildə deyir, müstəqil siyasət aparır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, sözünün imzası qədər əhəmiyyətli olması özünü qabarıq şəkildə büruzə verir. Möhtəşəm Zəfərimizin yaratdığı reallıqları qəbul edən əksər güclər Qələbəni nəyin bahasına əldə etdiyimizi, hansı qüvvələrlə mübarizə apardığımızı yaxşı bilirlər. Cənab İlham Əliyevin bildirdiyi kimi, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki haqq yolundayıq və həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü artırır.”

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, cənab İlham Əliyev sözügedən müsahibədə Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarından geniş bəhs edərək 2023-cü ilin də ölkəmizin tarixində mühüm hadisələrlə yadda qalacağına əminliyini ifadə etdi. Vurğulandı ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək, ordu potensialımızı gücləndirmək əsas hədəflərdəndir.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində diqqət yönəldilən əsas məsələ tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsidir: “Baxmayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçib Ermənistan bu prosesin uzanması istiqamətində səylər göstərir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibədə bu çağırışı etdi ki, Ermənistan sülh müqaviləsinin qaçılmaz olduğunu anlamalıdır. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.”

“Cənab İlham Əliyevin çağırışları sırasında bu məqamlar da yer aldı ki, Ermənistan Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidir. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət olacaq”,- deyə Malik Həsənov bildirib.

“Azərbaycan hər zaman ədalətin, beynəlxalq hüququn yanındadır” söyləyən millət vəkili qeyd edib ki, Qərbi Azərbaycana qayıdışımızla bağlı səsləndirilən çağırışlar da bunun tərkib hissəsidir: “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, qərbi azərbaycanlıların hüquqları təmin olunsun. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Ermənistana monodövlət damğasını öz üzərindən götürməsi üçün yaxşı fürsətdir. Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə həyat yoxdur. Buna görə də onların qayıdışı ermənilərin oradan çıxarılması demək deyil. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.”

Malik Həsənov müsahibədə dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərə də diqqətin yönəldildiyini bildirib: “Azərbaycan istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu yanaşma ilə üz-üzə olub. İkili siyasət əksər dünya güclərinin, eyni zamanda, beynəlxalq təşkilatların nüfuzuna əlavələr gətirmir. Əksinə, onlara qarşı inamsızlıq yaradır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 28 il icrasını gözlədi. Dövlət başçısı İlham Əliyev müsahibədə vurguladı ki, BMT-yə münasibətimiz bəllidir. Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var. Xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir.”

Millət vəkili belə ümumiləşdirmə aparıb ki, Azərbaycanın ədaləti və beynəlxalq hüququ özündə əks etdirən müstəqil siyasəti hər zaman uğurlara yol açır. Tarixi Zəfərimizin yaratdığı reallıqların qəbulu və bu fonda gələcəyə baxış bunu söyləməyə əsas verir. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə nail olmaq üçün səylər göstərir, təkmil iqtisadi və siyasi islahatlar aparır.
Xəbəri paylaş