"Azərbaycanda investisiya mühiti çox müsbətdir".
Newscenter.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident xatırladıb ki, ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir.
Dövlət başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Lakin planlarımız daha genişdir.
“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Sevinc