“Prezident İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etməsi Bakı ilə Əbu-Dabi arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoymasından xəbər verir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, onsuz da yüksək səviyyədə olan ikitərəfli əlaqələr dövlət başçısının səfərindən sonra daha da inkişaf edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidentinin BƏƏ-nin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı və çıxışına da diqqət çəkən Arzuman Muradlı deyib ki, sözügedən toplantı orada iştirak edən iş adamları, sahibkarlara Azərbaycandakı münbit investisiya mühitinin mövcudluğu barədə məlumatınb çatdırılması baxımından da əhəmiyyətli sayıla bilər:
“Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə də yaşıl enerji sektorunun inkişaf etdirilməsinin mükünlüyü barədə iştirakçıların məlumatlandırılması düşünürəm ki, xarici iş adamlarının, xüsusilə də ərəb sahibkarların Azərbaycana marağını artıracaq və onlar işğaldan azad edilən ərazilərə də investisiya yatırmaqda meyilli olacaqlar”.
Azərbaycanın enerji sektorunda BƏƏ-nin dünyaca tanınmış şirkətləri ilə əməkdaşlıq etdiyini də diqqətə çatdıran İctimai Birlik sədri qeyd edib ki, bu sırada “Masdar” şirkətini xüsusi olaraq qeyd etmək lazımdır:
“Elə dövlət başçısı da Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı diqqətə çatdırdı ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq”.
Arzuman Muradlı qeyd edib ki, dövlət başçısının da vurğuladığı kimi “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək.