Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qazax neftinin Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla tanker donanması yaradır.
Newscenter.az xəbər verir ki, “Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı “KazMunayQaz” və BƏƏ-nin “Abu Dhabi Ports Company” şirkətləri arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Məlumata görə, tərəflər Xəzər və Qara dənizlərində dəniz donanmasının və sahil infrastrukturunun inkişafında əməkdaşlıqda maraqlı olduqlarını bildirirlər. Saziş Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin BƏƏ-yə səfəri zamanı imzalanıb.
Sənədə əsasən, tərəflər Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsi üçün “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradacaqlar. Tərəflər birgə müəssisədə “Kazmortransflot” və “International Maritime Investments Ltd” törəmə müəssisələri vasitəsilə iştirak etmək niyyətindədirlər.
Sazişə əsasən, tərəflər Xəzərdə dəniz layihələrini dəstəkləmək üçün müxtəlif tipli kiçik gəmilərdən ibarət donanma, eləcə də Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla Aktau limanından Azərbaycan istiqamətində tanker donanması yaradacaqlar.
Bundan əlavə, birgə müəssisə iştirakçıları ticarət donanmasının yaradılması imkanlarını araşdıracaqlar. Bura konteyner bərələrinin (Transxəzər marşrutu ilə Çindən Avropaya tranzit) və Şimal-Cənub marşrutu (Rusiya - İran) üzrə ümumi yüklərin daşınmasında iştirak etmək üçün quru yük gəmilərinin tikintisi/alınması nəzərdə tutulur.