"Dünyada hidrogenə tələbat hələlik qlobal enerji istehlakının təxminən 2,5%-nə bərabər olsa da, proqnozlara görə 2050-ci ildə enerji ehtiyacının 24%-ni “yaşıl hidrogen” təmin edəcək və hidrogen tədarükünün 1 trilyon dollarlıq bir sənaye olacağı gözlənilir".
Newscenter-az xəbər verir ki, bu fikirləri energetika nazirinin müşaviri Zəminə Əliyeva BƏƏ-də baş tutan Davamlılıq Həftəsi çərçivəsində keçirilən görüşlər barədə danışarkən deyib. Nazirlik rəsmisi bildirib ki, hidrogenin, xüsusilə “yaşıl hidrogen”in inkişafını ilk növbədə enerji asılılığının azaldılması, enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativlərə malik olmaq siyasəti təşviq edir:
"Eyni zamanda, 2050-ci ildə sıfır karbon hədəfində həlledici rol məhz “yaşıl hidrogen”ə məxsusdur. Təsadüfi deyil ki, hidrogen RepowerEU planında əksini tapmaqla, Avropanın “yaşıl gündəliyi”nin mərkəzində dayanır. “Yaşıl hidrogen” heç bir karbon emissiyası olmadan davamlı istehsalının, karbonsuzlaşdırılması çətin sektorlarda istifadəsinin mümkünlüyünə, təbii qazdan bir neçə dəfə səmərəli olması və yüksək istilik verməsinə görə alternativi olmayan bir seçimdir. Ən önəmlisi isə “yaşıl hidrogen” həm enerji, həm də ekoloji təhlükəsizlik problemlərinin öhdəsindən eyni zamanda gələ biləcək yeganə vasitədir".
Zəminə Əliyevanın sözlərinə görə, görünən odur ki, hidrogen təkcə qlobal enerji balansını deyil, energetikanın geosiyasətini dəyişəcək:
“Yaşıl hidrogen” bizim üçün uzaq perspektiv deyil. 2022-ci ilin iyununda Şuşada “Masdar” şirkəti ilə Energetika Nazirliyinin imzaladığı ümumi gücü 10 QVt olan yaşıl enerji layihələrinin tərkibində məhz hidrogen də nəzərdə tutulur. Həmçinin 2022-ci ilin dekabrında Fortescue Future Industries şirkəti ilə imzaladığımız Çərçivə Müqailəsi üzrə də “yaşıl enerji” və hidrogen üzrə 12 QVt-lıq güclərin yaradılması planlaşdırılır. Nəhayət yenə də dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Saziş də imkan verir ki, 4 ölkə nəinki hidrogen üzrə əməkdaşlıq etsin, həm də “yaşıl enerji” dəhlizinin yaradılması ilə ölkəmiz hidrogenin də tədarükçüsünə çevrilsin".
Sevinc