Sosial şəbəkələrin faydalı tərəfləri ilə yanaşı, zərərli və dağıdıcı tərəfləri vardır.
Zərərli, bəlkə də, ən təhlükəli cəhəti budur ki, bizi tədricən prinsip və dəyərlərimizdən, olmazlarımızdan uzaqlaşdırır və biz hiss edilmədən dəyişilirik, çox vaxt nə etdiyimizdən, nəyi “bəyənməyimiz”dən xəbərimiz olmur.
Bəli, tədricən dəyişilir, yaxud hiss etmədən öyrəşirik, yəni vərdiş edirik... Həyat isə başlanğıcda seçimlərdən, daha sonra vərdişlərdən ibarət deyilmi?!
Yəqin ki, aşağıdakı mənzərə hər kəsə tanışdır:
a) Məhrəm (hər kəsə göstərilməsi ayıb sayılan) hisslərin ifadə olunduğu üz cizgiləri ilə fotoların sosial şəbəkələrə yerləşdirilməsi. Məsələn, kimisə öpürmüş kimi dodaqların qabarıq əks olunduğu selfi-şəkillər (xanımlara aiddir) dövrün əsas sosial hadisəsinə çevrilib;
b) Məktəbli və yeniyetmə qızların biədəb rəqslərinin əks olunduğu qısa video-fraqmentlərin “tik-tok” səhifələrini bəzəməsi;
c) Söyüş, təhqir, biədəb yazışmalar (hər iki cinsin nümayəndələrinə aiddir);
ç) Açıq şəkildə edilməsi həm ayıb, həm günah sayılan söhbətlərin hər kəsin gözü qabağında, açıq platformalarda edilməsi (post-statuslara yazılan şərhlər; ümumi “canlı” yayımda səsləndirilən və yazılan fikirlər və s.).
d) “Virtual” dostluqda olan xanımların, yaxud kişilərin şəkillərinin qarşılıqlı surətdə bəyənilməsi;
e) Sosial şəbəkələrdə əks cins nümayəndələri arasında gecə yarısınadək olan söhbətlər, yazışmalar və s.
Siyahını uzatmaq olar...
Bütün bunlar nə üçün baş verir?
Səbəblər çoxdur: sosial şəbəkələrin cazibədarlığı, özündə bir çox həzzi ehtiva etməsi (aydın təsvir, müxtəlif səslər və musiqi, düşünülmüş səhnələr); özünütəsdiq istəyi və bu məqsədlə hər növ vasitənin seçilməsi; ailədaxili tərbiyə işinin zəifləməsi və s.
Tədricən vərdişetmə
Səbəblərdən biri də “tədricən vərdişetmə” sindromudur. Bu həm də “şüurlu təhrif” (the cognitive distortion) hadisəsi ilə əlaqədardır. Tədricən vərdiş etmək əsasən o vaxt baş verir ki, dəyişdirə bilməyəcəyimiz konyunktura ilə əhatələnir və müəyyən müddət sonra həmin konyunktura ilə “barışırıq”. Məsələn, evdən çıxdığımızda üzbəüz küçədə reklam lövhəsində (banner) divar kağızlarının (bu, avtomobil də ola bilər) yarıçılpaq xanımla reklam olunduğu mənzərəsi ilə qarşılaşırıq. Əsəbiləşirik, “Bu nə tərbiyəsizlikdir!” – deyir, amma reklam lövhəsinə heç nə edə bilmirik. Növbəti gün eyni hal təkrarlanır. Amma bir-iki həftə sonra evdən çıxdığımızda əvvəlki həssas və etirazedici münasibəti göstərmədən şəklin yanından heç nə olmayıbmış kimi keçib gedirik. Çünki dəyişdirə bilmədiyimiz bir situasiyaya “öyrəşmişik”, həmin şəklə adi nəzərlə baxaraq yolumuza davam edirik. Düzdür, həmin şəkli normal (icazəli, halal) hesab etmirik, amma banneri aradan qaldıra bilmədiyimizdən onun “daimiliy”i, “rəsmi mövcudluğ”u şüuraltımıza (şüurumuza deyil!) təsir göstərir bizdə “vərdiş” və alışqanlıqla səciyyələnən münasibət formalaşdırır. Əlbəttə ki, kimsə bizdən həmin şəklə münasibətimizi soruşsa, bir daha şüurlu surətdə həmin şəklə münasibət bildirir, onun biədəb və qeyri-normal olduğunu deyirik. Deməli, şüur və şüuraltımızda şəkil “halal” hala gəldiyindən deyil, əksinə, instinktiv (bişüur) olaraq onun mövcudluğunu dana bilmədiyimizdən (çünki onu ləğv etmək, aradan qaldırmaq səlahiyyətinə sahib deyilik) ona öyrəşir, vərdiş edirik.
Senzurasız virtual aləm...
Nəzarət və senzuranın olmamağı, modern dünyada insan fəaliyyətinin əxlaq və mənəvi normalarla tənzimlənməməsi təmayülü sosial şəbəkələri istənilən hər şeyin edildiyi məkana çevirib. Real həyatda edə bilmədiklərimizi virtual həyatda edirik. Sosial şəbəkələrdə baş verənləri tənzimləməyə və idarə etməyə gücümüz çatmır, odur ki müəyyən vaxtdan sonra yad davranış formalarına, özgə həyat tərzinə öyrəşir və biixtiyar olaraq virtual aləmin bir parçasına çevrilirik.
Reallıq və fantaziya
Sosial şəbəkələr real aləmi virtual (xəyallar, yaxud fantaziyalar) aləmindən fərqləndirə bilməyən təfəkkür formasının yaranmasına səbəb olub. Bunun nəticəsində real həyatda edə bilmədiklərimizi virtual aləmdə asanlıqla edirik. Məsələn, bir-birini tanımayan əks cins nümayəndələrinin real həyatda ünsiyyəti (tanışlıq, söz atmaq...) cəsarət tələb edən məsələdir. Amma virtual aləmdə tanışlıq, söz atmaq asandır. Sosial şəbəkələr, bu mənada, süni cəsarət yaradır. Yaxud biz real həyatda şəxsi fotolarımızı, ailə albomlarımızı tanımadığımız şəxslərə göstərmirik, amma onları sosial şəbəkələrə yerləşdirib minlərlə şəxs üçün açıq hala gətirdikdə real həyatdakı həssaslığımız heç yadımıza düşmür. Eləcə də real həyatda adi vəziyyətlərdə bir xanıma, yaxud kişiyə: “Mənim səndən xoşum gəlir”, – demək, haradasa, bizim cəmiyyətimizdə mümkün deyildir, amma sosial şəbəkələrdə xanımların, yaxud kişilərin şəkillərini asanlıqla bəyənirik. Real həyatın ciddi qaydalara təhkim edilmiş qadın-kişi münasibətlərində daha çox “islahatlar”ı (“açılım”ı) təmin etmək üçün “bəyənmə (like)” işarəsinin simvollarının “ürək” və daha “təsirli” vasitələrlə əvəzlənir.
Başqa bir misal: bu və ya digər xanım (qız) hesabına şəxsi foto (və ya video) yükləyir, “bəyənmə” gəlmədikdə narahatlıq keçirir, amma bəyənmə sayı artdıqda (hətta tanımadığı şəxslərdən də olsa!) narahat olmur, sevinir. Bir anlığına düşünün: real həyatda həmin virtual “tanış”lar və yad şəxslər, hətta iş yoldaşları həmin qıza “Mənim səndən xoşum gəlir!” – desələr, nə baş verər? Əlbəttə ki, bu hal qıza pis təsir edəcəkdir, ola bilsin ki, psixoloji sarsıntı keçirib ağlayacaqdır. Amma virtual aləmdə sevinir, narahat olmur. Nə üçün? Nə üçünü artıq bilirsiniz...
Virtual aləmdə “olmaz”ları (mənəviyyat, əxlaq, dəyərlər...) aradan qaldırmaqla bizi real həyatda da eyni cür hərəkət etməyə hazırlayırlar. Virtual aləmin komplekssiz şəxsiyyət tipi real həyatda da tədricən komplekssizləşməyə başlayır.
Xanımların fotoları...
Virtual yoldaş (dost) sayılan qızların, xanımların şəxsi fotolarını bəyənmək (bu halı dini həssaslığı olan bir çox şəxsdə müşahidə etmişik) həm düzgün olmayan, həm də təhlükəli davranışdır. Bu vaxt biz nə etdiyimizin fərqindəyikmi? Əlbəttə ki, virtual yoldaşlıqda olan hansı isə xanımın fikrini, ideyalarını, rəyini bəyənmək mümkündür, amma onun özünü, bioloji kimliyini ifadə edən fotoya gəlincə, burada məsələ başqadır. Məsələn, real həyatda tanış xanım haqqında: “Bəli, sizin bu fikrinin düzgündür və bəyəniləndir”, – deyə bilirik, amma ona: “Sizdən xoşum gəlir”, – demək başqa cür qəbul olunur. Bəzən biz bu hala o şəxslərdə rast gəlmişik ki, onlar cəsarətlə Allah adından əqidə, iman, küfr söhbətləri edirlər, düşüncələrimizə görə bizi böyük günahlarda ittiham edib tövbə etməyə çağırırlar, amma özlərinin virtual dostluqlarında olan xanımların fotolarını bəyəndiklərinin, yaxud yazdıqlarına “ürək” işarəsi ilə rəğbət bildirdiklərinin fərqində deyildirlər. Görünür, həmin yoldaşlar xanımlara “səndən xoşum gəlir” eyhamı vurduqlarından xəbərsizdirlər, amma camaatın qəlbinə girib imanlarından xəbər tuturlar.
Virtual qeybət də, masqara da, təhqir də dediklərimizə misaldır. Ehtiyatlı olmalıyıq.
Necə qorunaq?
Əziz dostlar! Virtual aləmdə hansı isə işi görməzdən qabaq özümüzə sual verək: bu işi real həyatda etsək, nə baş verər, yaxud biz bu işi real həyatda edə bilirikmi?
Şübhə yox ki, sözüm halal-haram tanıyan, əxlaq və mənəviyyatı, Allah şüurunu əsas götürən kimsələrədir! Real həyatda göstərdiyimiz həssaslığı sosial şəbəkələrdə də göstərməliyik. Həyatında əxlaqa, mənəviyyata, Allaha yerin olmadığı şəxslərə gəlincə, onlar üçün real və virtual aləmlərin fərqi yoxdur. Belə insanlar itirilmiş insanlardır. Mənəviyyat və əxlaqı, Allahı əsas götürən şəxslər isə diqqətli olsunlar: real həyatda qorunduğumuz halda, virtual aləmdə itirilməyək!
Elvusal Məmmədov
AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Fəlsəfə üzrə fəlsəfə doktoru