Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə nə baş verir?!

Yaxın Şərqdə nə baş verir?!


Belə görünür ki, Yaxın Şərq yenidən formatlanır. Bu da gözlənilən idi, çünki bölgə əsrlər böyu olduğu kimi, yenə də qlobal siyasi maraqların kəsişməsindədir. Elə hadisələr də hər dəfə olduğu kimi yenə də bölgənin əsas 3-4 ölkəsi ətrafında cərəyan edir: Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı.

Ən yaxın günlərdə baş vermiş hadisələr arasında şübhəsiz ki, ən əhəmiyyətli olanı Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpası haqda anlaşmadır. Xüsusilə də həmin anlaşmanın Çinin vasitəçiliyi ilə əldə olunması və bu ölkənin paytaxtı Pekində imzalanması diqqətçəkəndir.

Belə bir addımın atılması Yaxın Şərqin siyasi və geosiyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Xatırladım ki, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2016-cı ildə krallığın şiə lideri Nimr əl-Nimr daxil 47 nəfəri edam etməsinin ardınca Tehrandakı Səudiyyə səfirliyinə hücumdan sonra kəsilmişdi.

Ümumiyyətlə, Tehranla Ər-Riyad arasında münasibətlər ən azı son 40 ildə heç vaxt hamar olmayıb, odur ki, indiki anlaşmanın ömrünün nə qədər uzun olacağını söyləmək də asan deyil. Amma görünən budur ki, Pekin həmin anlaşmanın əldə olunmasında təkcə əlində olan siyasi-diplomatik resursları cəlb etməyib.

Bu da təbiidir, çünki Çin üçün istər enerji daşıyıcıları tələbatını ödəmək, istərsə də Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin işləməsi baxımından Yaxın Şərqdə əsas söz sahiblərindən birinə çevrilmək strateji əhəmiyyətə malikdir. Bu, Pekin üçün həm də qlobal güc olaraq özünü təsdiq etmək baxımından vacibdir.
Odur ki, belə bir anlaşmanın arxasında böyük iqtisadi maraqların dayanması da istisna deyil. Xüsusilə də nüvə proqramı səbəbindən Qərblə (ilk növbədə ABŞ-la) hələ ortaq məxrəcə gələ bilməyən Tehran üçün. Anlaşma həm də ABŞ üçün onun Tehrana yönəlik siyasətini korrektə etmək zərurəti doğura bilər.

Əldə olunmuş anlaşmanın reallaşacağı halda İran üçün başqa bir avantaj onun qlobal geosiyasi layihələrə daha aktiv şəkildə qoşula bilmək imkanıdır. Xüsusilə də Çin və Pakistanla ortaq geosiyasi layihələrdən Tehranın əldə edəcəyi digər bir qazanc isə onun Rusiya ilə münasibətlərində daha iddialı və çevik ola bilmək imkanıdır.

Anlaşma İrana həm də Çinin dəstəyilə ordusunu daha müasir silahlarla təhciz etməyə, neft ixracını artırmağa, hərbi sənayesini modernləşdirməyə və son nəticədə iqtisadi gücünü artırmağa yol aça bilər. Təbii ki, bütün bunlar anlaşmaya qarşılıqlı riayət olunacağı halda mümkün olacaq.

Səudiyyə Ərəbistanı üçün isə anlaşma daha çox hərbi, siyasi və diplomatik əhəmiyyət kəsb edir. Silah arsenalının 80% qədərini ABŞ-dan idxal edən krallıq indi bu sahədə diversifikasıya üçün yeni imkanlar qazanmış olur. İran təhlükəsinin qismən də olsa aradan qalxması isə Ər-Riyadın Vaşinqtondan asılılığını azaldır.

Bundan başqa böyük maliyyə imkanlarına malik olan krallıq həmçinin qlobal layihələrə investor kimi də cəlb oluna bilər. Təkcə 2022-ci ildə ölkənin "Saudi Aramco" şirkətinin neftdən gəliri maksimum ($161 mlrd) təşkil edib ki, bu da ölkə iqtisadiyyatına Çin texnologiyalarının cəlb olunması üçün imkanlarını artırır.

Beləliklə, görünən budur ki, Pekin Yaxın Şərqə konkret strateji planlarla daxil olur və digər geosiyasi gücləri də bunu nəzərə almağa məcbur etməkdə israrlıdır. Çünki Pakistanla yanaşı İranı və Səudiyyə Ərəbistanını da qlobal layihələrə qoşmaqla Çin bölgədə sülhə təhdid yaradan əsas amillərdən birini aradan qaldırmış olardı.

Amma Şərq-Qərb dəhlizi hər bir halda Türkiyəsiz reallaşa bilməz və deməli, Pekinin növbəti hədəfi də Ankara ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq olmalıdır. Bunun da baş tutacağı halda isə bölgəyə nəzarət iddiasında olan ABŞ və Rusiya üçün vəziyyət xeyli çətinləşəcək.

Amma belə bir planın reallaşması hələlik xeyli dərəcədə nəzəri də olsa əldə olunmuş İran-Səudiyyə anlaşması təkcə Rusiyanın və ABŞ-ın maraqlarına ziyan vurmur. Bu, həm də "İbrahim Anlaşmasını" (inglisicə - Abraham Accords Peace Agreement) da şübhə və sual altına alır.

Xatırladım ki, 2020-ci ilin payizinda imzalanan həmin anlaşma İsraillə ərəb ölkələri arasında diplomatik, iqtisadi və digər əlaqələrin qurulmasını nəzərdə tutur. 2020-ci il sentyabrın 15-də İsraillə BƏƏ arasında imzalanan bu anlaşma iki ölkənin qarşılıqlı öhdəlikləri çərçivəsində hərtərəfli münasibətlərin qurulmasını hədəfləyir.

Ağ Evdə imzalanan "İbrahim Anlaşmasına" əsasən İsrail İordan çayının şərq sahilini anneksiyası siyasətindən imtina etmək, BƏƏ isə İsrail dövlətini tanımaq, onunla diplomatik münasibətlər və hərtərəfli əlaqələr qurmaq öhdəliyi götürürdü. Anlaşmaya Səudiyyə krallığının qoşulacağı gözlənilsə də bu, baş vermədi.

Əksinə, Netanyahunun hakimiyyətə dönüşü nəticəsində İsrailin fələstinlilərə qarşı yürütdüyü ekspansionist siyasətin əvvəlki məcrasına qayıtması və indi də İran-Səudiyyə əlaqələrinin bərpası Tel Əvivi status quo vəziyyətinə qaytarır.
İsrail hökumətinin bügünkü Ağ Ev administrasiyası ilə mürəkkəb münasibətlərini də buraya əlavə etdikdə "İbrahim Anlaşmasının" tezliklə tarixə qovuşacağını da ehtimal etmək olar. İsrail üçün başqa bir çağırış isə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı daha çox siyasi-diplomatik vasitələrə üstünlük verməsidir. Hərçənd...

Hərçənd ki, hərhansı hərbi təsirlər də istisna deyil, amma bunun yaxın ilyarım ərzində (gələn il keçiriləcək ABŞ prezidenti seçkilərinədək) baş verəcəyi ehtimalı bir o qədər də yüksək deyil. Odur ki, indi Tel Əviv həm də Ankara ilə münasibətlərini daha da istiləşdirməli olacaq.

Həm də ona görə ki, İranın israrla nüvə silahı əldə etmək istəyi təkcə İsrail üçün deyil, bölgənin bütün ölkələri, o cümlədən də Türkiyə üçün yeni təhdidlər yaradır. Tehranın nüvə silahı əldə etmək iddiasında qalması elə Ər-Riyad üçün də ciddi təhlükələr doğurur. Odur ki, bölgənin taleyinin necə olacağını söyləmək hələ tezdir.

Baş verənlər bölgəyə can atan digər bir iddialı qlobal oyunçunu - Rusiyanı da öz planlarını sürətləndirməyə məcbur edə bilər. Bu da öz növbəsində Moskvanı Yaxın Şərqə aparan yolun üzərində yerləşən Azərbaycan üçün onsuz da yüksək olan risklərin və təhdidlərin daha da artması demək olardı.

Qarabağın dağlıq hissəsində son günlər artan gərginlik də bu rakursdan dəyərləndirilməlidir. Avropalı müşahidəçilərin yerləşdirilməsindən sonra Azərbaycan-Ermənistan sərhəddində təxribat imkanlarının məhdudlaşması Moskvanı Qarabağdakı separatçılara daha çox diqqət ayırmağa sövq edir.

Rusiyanın hərbi-siyasi aktivlik mərkəzinin Qarabağa yönəlməsi buna əyani sübutdur. İndi Rusiya ilkin mərhələdə Qarabağın dağlıq hissəsinə əlavə hərbi qüvvə yeritmək üçün orada gərginliyi daim artıqmağa və yeni-yeni təxribatlar törətməyə çalışacaq. Rusiyanın hal-hazırda etdiyi də budur.

Digər tərəfdən də Yaxın Şərqdə yaranmaqda olan yeni geosiyasi reallıq Qərbi də Rusiyanın həmin bölgəyə yolunu kəsməyə təhrik edir. Həmin yol da yuxarıda qeyd edildiyi kimi, Cənubi Qafqazdan keçir. Bu isə Gürcüstanda baş verənlərin heç də təkcə təqdim olunan yeni qanun layihəsilə bağlı olmadığını deməyə əsas verir.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş