Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, bu il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb.
Xatırladaq ki, bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.