Türkiyənin cənub-şərqində - İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib.
Newscenter.az-ın məlumatına görə, “Report” “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər: “Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhdəsindən gəlib. Ölkəmiz çox böyük layihələrə imza atıb. Bir sıra vasitələrlə, o cümlədən terrorla bizi yolumuzdan döndərmək üçün xaos yaratmaq istəyirdilər. İradəmizi qırmaq, insanlarımızı ümidsiz qoymaq istəyirdilər. Bu cəhdlərin arxasında Qərb dayanırdı”.
Nazirin sözlərinə görə, dalğalı dənizlərdə gəmitək irəlilələyən Türkiyəni 12 ildir ki, yolundan döndərməyə, istiqamətini dəyişməyə çalışırlar: “Amma kapitanımız (Prezident Rəcəb Tayyib Ərdoğan-red) təcrübəlidir, məlumatlıdır. Kapitanımız həm də cəsurdur. Kapitanımız “mən ancaq millətin, Allahın qarşısında əyilərəm” dedi. Kapitanımız gəmini dalğalarla mübarizədən uğurla çıxardı”.
S.Soylu qeyd edib ki, R.T.Ərdoğan həm ABŞ, həm də Avropaya bu ölkənin sahibinin bu millət olduğunu və yeganə qərar sahibinin xalq olduğunu göstərib: “Belə liderlər dünyaya 100 ildə bir gəlir. Biz Türkiyəni olduğu yoldan döndərmək istəyənlərdən, 15 iyul çevrilişinə cəhd edənlərdən qorxmadıq, qorxmayacağıq”.
Qeyd edək ki, PKK terror qruplaşması 1980-ci illərin əvvəllərindən etibarən Türkiyənin cənub-şərqində bir sıra əraziləri ələ keçirərək oradakı mağaralarda gizlənmişdi. Son illərdə Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terrorçulara qarşı ardıcıl əməliyyatlar keçirib və qruplaşmaya ağır zərbələr endirib.