Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Newscenter.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
XXX
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 2 nəfər öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.