Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 103 intizam tənbeh tədbirindən 94-ü töhmət, 2-si dövlət qulluğundan azadedilmə, 1-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub.
Newscenter.az xəbər verir ki, bu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda öz əksini tapıb.
Qeyd olunb ki, 6 intizam tənbeh tədbirinin növü isə qeyd edilməyib.
Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 3, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 12, 7-ci (İctimai etimad) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 2, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 76, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 1, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 1, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib.(apa)