Avropada işsizlik səviyyəsi hər ötən gün özünü daha qabarıq şəkildə göstərir.
Newscenter.az bildirir ki, Beynəlxalq Əmək Təşkilatının qitədə apardığı araşdırmalar belə deməyə əsas verir.
Araşdırmada qeyd edilir ki. yüksək inflyasiya, artan faiz dərəcələri və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik getdikcə daha çox şirkəti işçilərinin sayını azaltmağa məcbur edir.
Bu ilin əvvəlindən texnologiya, istehsal və avtomobil sektoru başda olmaqla, demək olar ki, bütün sektorlara yayılan ixtisarlar qoca qitədə işsizlər ordusu yaradıb.
Böyük Britaniyada yerləşən telekommunikasiya şirkəti Vodafone keçən həftə xərcləri azaltmaq və böyüməni sürətləndirmək üçün qarşıdakı üç il ərzində 11 min iş yerini ixtisar edəcəyini açıqlamışdı. Vodafone-un dünya üzrə təxminən 104.000 işçisi var. Mart ayında Vodafone İtaliyada 1000, Almaniyada isə təxminən 1300 işçini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.
Telekom Italia isə könüllü erkən pensiya proqramı vasitəsilə İtaliyada 2000 nəfəri işdən çıxarmağı planlaşdırır. İsveç telekommunikasiya avadanlığı istehsalçısı Ericsson, xərcləri azaltmaq planının bir hissəsi olaraq dünya üzrə 8500 iş yerini ixtisar edəcəyini açıqlayıb.
İrlandiya-ABŞ ortaq informasiya texnologiyaları şirkəti olan Accenture, qlobal iqtisadiyyatla bağlı narahatlıqlara görə martın sonunda 19 min nəfəri işdən çıxarmaq qərarı verib.
Avropadakı avtomobil sənayesinin müxtəlif sahələrində ixtisarlar var
Natiq Orucov