Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadının ailəsində olub.
Bu barədə Newscenter.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.
Dövlət Komitəsinin rəsmisi bildirib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib və qadının üç uşağı olduğu müəyyən edilib.
T.Mərdanoğlu vurğulayıb ki, hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir: "Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır".
Arzu Abdulova