“Türk axını” ilə Rusiya qazının nəqli qaz kəmərində illik planlı təmir işləri ilə əlaqədar iyunun 5-dən 12-dək dayandırılacaq.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Eyni zamanda, Rusiyadan qaz Türkiyəyə daha bir boru kəməri - mayın ikinci yarısında təmir edilmiş “Mavi axın” vasitəsilə nəqlini davam etdirir.
“Qazprom” qeyd edib ki, planlı texniki xidmətin aparılması bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılıb. 2022-ci ildə “Türk axını” qaz kəmərində planlı təmir işləri iyunun 21-dən 28-dək aparılıb.
Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2003-cü ilin əvvəlində istismara verilib, onun gücü 16 milyard kubmetrdir və ümumi uzunluğu - 1 213 km-dir.
“Türk axını” ixrac qaz kəməri iki xəttdən ibarətdir, bunlardan biri türk istehlakçılarını, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi tutumu 31,5 milyard kubmetrdir.