Cari ilin may ayının sonundan etibarən Türkiyənin milli valyutası dollar qarşısında ucuzlaşır. Bu müddət ərzində dollar türk lirəsi qarşısında 16,7% bahalaşaraq bir dollar üçün 23 lirədən çox olubdur. Qardaş ölkədə nə baş verir?
“Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri, iqtisad elmlər doktoru, professor Fikrət Yusifov Newscenter.az-a Türkiyədə baş verənləri şərh edərkən deyib ki, əslində bu gözlənilən idi. Sabiq nazirin sözlərinə görə, son 20 ildə Türkiyənin həm siyasi, həm də iqtisadi müstəvidə tam sərbəst davranması, bölgənin ən güclü hərbi qüdrətinə sahiblənməsi, dünyada ən böyük silah satıcıları ilə rəqabət apararaq onları geridə qoya bilməsi və digər bir çox uğurları Qərb tərəfindən həzm edilə bilmir:
"Bu səbəbdən də, onu sevməyən böyük güclər artıq neçə ilərlədir ki, qardaş ölkədə mövcud olan demokratik duruma bir başqa don geydirib, onu investorların gözündən salmağa çalışır və bununla da xarici kapitalın Türkiyəyə axınının qarşısını almağa haradasa nail ola bilirlər. Çox təəsüf ki, bu illər ərzində Qərbin təsir dairəsində olan bir çox böyük investorlar da bu oyunların qurbanına çevriliblər. Son prezident seçkilərində Türkiyə dünyaya “demokratiya dərsi” vermək istəyənlərə nümunəvi demokratiya dərsi verdi və gerçəkdə demokratik seçkiləri necə keçirməyin lazım olduğunu onlara nümayiş etdirdi. Hesab edirəm ki, bu dərs investorlar üçün də ciddi nəticələr çıxarmağa əsas verəcəkdir".
Fikrət Yusifov deyib ki, bu gün Türkiyə lirəsi son ilyarım ərzində özünün ən çətin dövrünü yaşayır:
"Lakin seçkilərdən sonra peşəkarlardan ibarət formalaşmış iqtisadi komandanın onu bu vəziyyətdən çıxaracağı şübhəsizdir. Bunun üçün ilk növbədə xarici investisiyalara uzun müddət üçün daha böyük güzəştlərin veriləcəyi gözləniləndir. Bu yol, belə vəziyyətlər üçün ən məqbul yollardan biri hesab olunur. Şübhə etmirəm ki, qardaş ölkənin yeni hökuməti bu yolda ciddi dönüş edəcəkdir. Eyni zamanda antiböhran tədbirlərinə uyğun şəkildə, ölkədə sərt makroiqtisadi siyasətin düzənlənməsinə rəvac veriləcəkdir. Artıq bu barədə yeni hökumətin rəsmlərinin çağrışları eşidilməkdədir".
Sabiq nazir hesab edir ki, bu gün yeni hökumətin əsas kursu, milli valyutanı sərbəst, üzən məzənnəyə keçirməkdən ibarətdir:
"Bu ən doğru seçimdir. Başlanğıcda çətinliklər olsa da, sonda ölkə iqtisadiyyatında və onun maliyyə sistemində tam sabitlik yaranacaq və lirənin kursu stabilləşəcəkdir. İslahatların ilkin nəticələrini cari ilin sonundan etibarən görmək mümkün olacaqdır".
Anar Əliyev