“Ermənistan bu cür təxribatlar və Azərbaycan mövqelərini müntəzəm olaraq atəşə məruz qoymaqla öz sonunu yaxınlaşdırır. İşğalçı ölkə yaxşı bilməlidir ki, bu dəfə Azərbaycan Ordusu və Azərbaycan xalqı ayağa qalxsa, onun qarşısını heç bir qüvvə kəsə bilməyəcək və Azərbaycan bayrağı tarixi dədə-baba torpaqlarımızda, Göyçədə, İrəvanda dalğalanacaq”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı son günlər Laçın postunun düşmən tərəfindən atəşə tutulması, Zəngilan istiqamətində ermənilərin təxribat törətməsinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan Fransa və İranın şirnikləndirici vədləri, onu müharibəyə təhrik edən cəhdlərinə məhəl qoymamalı, üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir:
“Əks təqdirdə uduzan yenə Ermənistan olacaq. Yəqin Ermənistan bilməmiş deyil ki, Azərbaycanın Türkiyə, İsrail, Pakistan kimi müttəfiqləri var. Tarixi Şuşa Bəyannaməsi imkan verir ki, Ermənistan ərazilərimizə hər hansı müdaxilə etdiyi təqdirdə, qarşısında Azərbaycanla bərabər, Türkiyəni görsün. Əgər Ermənistan bunu istəyirsə, biz hazırıq. İkinci Qarabağ müharibəsində Ermənistanın başına dəmir yumruq dəydisə, indi ermənilər qardaş yumruğuna, Azərbaycan və Türkiyənin zərbəsinə tuş gələcəklər. Bu isə Ermənistanın sonu, belə bir dövlətin xəritədən silinməsi demək olar. Yəqin ki, ermənilər bunu yaxşı bilirlər”.
Anar Əliyev