Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Osmanlıların qorxulu yuxusu olan II Şah İsmayıl

Osmanlıların qorxulu yuxusu olan II Şah İsmayıl


Səfəvi dövləti barədə yazanda Şah İsmayıl və onun oğlu Təhmasib barədə çox yazırlar. Üstündən qısa məlumatla keçilən isə İİ Şah İsmayıl Mirzədir. Azərbaycan hökmdarı II Şah İsmayıl haqqında tarixşünaslığımızda hələ ki, geniş tədqiqat əsərləri mövcud deyildir. Qeyd edim ki, cəsarətli və döyüşkən ruhlu olan II Şah İsmayıl eyni zamanda peşəkar dövlət xadimi idi. Cəmi 1 il hakimiyyət sürməsinə baxmayaraq onun islahatları bütün dünyaya örnək olası işlər idi.

O, 28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğludur.
İsmayıl Mirzə bir yerdə qərar tutmayan şəxs idi. O, babası Şah İsmayılın Çaldaran döyüşündə məğlub edilməsini həzm etməyən şəhzadə idi. Gənc yaşlarından bütün döyüş strategiyalarını öyrənib Osmanlılara qalib gəlmək ən böyük arzusu idi. O bu arzsuna 1554-cü ildə çatır.

Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir. (Bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh. 167)

Bu döyüşdən sonra Osmanlı sarayında onu Dəli İsmayıl deyə adlandırmağa başlayırlar.

Osmanlılardan qisas almaq üçün təyin edildiyi yerdə sakit durmadığı, onlarla əməkdaşlıq etmək istəyən yerli hakimlərə qarşı aqressiv münasibətinə görə Şah Təhmasib ətrafında olanların təsiri altına düşüb oğlunu cəzalandırmaq qərarına gəlir. Əvvəlcə onun boynunu vurmaq istəsədə, sonra fikirini dəyişib Qəhqəhə qalasında həbsə atdı və bu minvalla İsmayıl Mirzə 19 il 6 ay 21 gün bu qalada həbsdə qaldı. (Bax: Savory, Roger.Iran under the Safavids. Cambridge University Press. 2007. p. 68)

Uzun müddətli həbs dövrü İsmayılın həyatına böyük təsir göstərir. O, bütün bu illəri səltənətdən uzaq qalmaqla yanaşı, tiryək qəbul etməyə də adət edir. Eyni zamanda burda olduğu müttətdə dövlətçilik və onun idarə edilməsi, dövrün islam qaydaları barədə çox düşünür. Burda olduğu zamanda özündə gələcəkdə dövlətin inkişafı üçün atılacaq addımların strategiyasını cızır. (Bax: Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire, Londra:IB Tauris, 2004 p. 42)

Atasının ölümündən sonra dövlət idarəçiliyində sistemsizlik yaranmış idi.. Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu. Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur, “pozğun ünsürlərin və qara camaatın” (ronud və ovbaş) üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil, gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində qarışıqlıq hökm sürdü. (Bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017.)
Bunun üçün ölkədə güclü hökmdara ehtiyac var idi və bu da II İsmayıl idi. Şahzadə İsmayılın taxta çıxması mərasimi 1576-cı il avqustun 22-də keçirildi. Sarayın Çehelsütun salonunda bu münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər, şahzadələr və dövlət əyanları iştirak edirdilər. Lakin elə ilk gündən ona qarşı sarayda güclü müxalifət yaranmış idi.

II İsmayılın dövründə saray vəzifələrinin və vilayət hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız mülki işlərlə məhdudlaşırdı.

İsmayıl Mirzənin İslamda vəhdət yaratmaq məqsədi ilə atdığı addımının ilki şiələr tərəfindən Həzrət Əbubəkr, Həzrət Ömər, Həzrət Osman və peyğəmbərimizin zövcəsi Həzrət Aişənin lənətlənməsini qadağan etməsi idi. Bu çox vacib bir addım idi. Bu məsələyə toxunan V. Hinz də II İsmayılı cəsarətli bir insan kimi təsvir edərək qeyd edir: “O, meydanlarda Əbubəkr, Ömər və Osmana lənət olunmasını qadağan etdi. “(Bax: Arjomand S. A. “Religious Extremism (Ghuluww), Sufism and Sunnism in Safavid Iran (1501-1722)”, Journal of Asian History, Vol. XV, No. 1, Wiesbaden, 1981, p. 1-35.)

II Şah İsmayıl bu istiqamətdə bir sıra işlər görür, hətta dövriyyədə olan pulların üzərindən imamların adlarını götürməyə belə nail olur. O, belə bir addımı atsa da, Seyid Hüseyn kimi alimlərin ciddi müqaviməti ilə qarşılaşır. Göstərilən təzyiqlərdən sonra şah özünün yazdığı bu misraların pulların üzərinə vurulmasına razı olur: “Ze məşriq ta məğrib gər imamət, əli və ali u mara təmamət”. Yəni Şərqdən Qərbədək imam olsa da, “əli və ali əli bizə kifayət edər”. (Bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, səh. 384)

Osmanlılara kin-küdurət bəslənməsinə baxmayaraq, ikinci Şah İsmayıl dövlətlər arası sülh və əmin-amanlığın bərqərar olunmasına narazı deyildi.İ diplomatik əlaqələri inkişaf etdirməkdə maraqlı idi. Lakin bunu həyata keçirə bilmədi. 19 il həbsdə olduğu müttətdə ürək problemi yaşayan Şah tiryəkdən əl çəkə bilmirdi, buna görə də onun düşmənləri bundan istifadə edirlər. Onun öldürülməsinə səbəb isə orduda yayılan bir şaiyə idi. Guya O, seyid və alimlərin payına düşənləri kəsib şafei məzhəbini qəbul edənlərə vermək istəyirdi. Ona yüksək dozalı tiryək və zəhər verirlər. Şah özünü itirən zaman isə ona cismani əzablar verirlər. Onu öldürmək üçün gələnlər isə gecə Şah yatarkən qadın paltarında sarayın qadınlara aid hissəsindən keçərək onu öldürmüşlər.Lakin bu zamanda törə əsasında qətl baş vermişdir, bir damla qanı yerə düşmədən, yayın kirəşi ilə boğublar onu. Türk inanc sisteminə görə qansız öldürülən şəxsin ruhu həmin insanın xidmətinə keçirdi. Çünki böyük Moğollar dövründə Camuka Çingiz xana sözləri unudulmamış idi:

“Ey anda, mənim qanımı axıtmadan öldür. Bu şəkildə mənim ruhum sənin və sənin nəvələrinin hakimiyyətinə xidmət etsin”

II İsmayılın dini siyasətinin həyata keçməməsinin əsas səbəbi XVI yüzilliyin sonlarında İranda şiəliyin çox böyük üstün gücə malik olmasındadır. Onun bu siyasətinə toxunan yaxın dövrün tarixçiləri məsələyə düzgün münasibət bildirə bilməmişlər. Onun sünnilərlə şiələr arasında barış yaratmaq istəyi sünnilərin rəğbətini qazanmaq istəyi kimi vurğulanmışdır. Bu da düçüncəsizlikdən və yanlışlıqlardan irəli gəlir. II Şah İsmayılın yeganə məqsədi İslamı parçalanmaqdan xilas edib, İmperiya ərazisində hər kəsin bərabər hüquqa malik olmasına nail olmaq, təriqət söhbətini birdəfəlik yox etmək idi. Əgər onu sui-qəsd nəticəsində öldürməsələr idi, Türk-İslam aləmində baş verən parçalanmalar olmayacaq və məzhəb fərqinə son veriləcəkdi. Təəssüf ki, baş tutmadı və nəticədə iki Türk imperiyasının zəifləməsində öz rolunu oynadı.

Zaur Əliyev, dosent
Xəbəri paylaş