Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayraq Günü son illərdə ən önəmli bayramlarımızdan birinə çevrilib

Bayraq Günü son illərdə ən önəmli bayramlarımızdan birinə çevrilib


Bu gün ölkəmizdə 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd olunur. Bütün soydaşlarımızı milli azadlığımızın, müstəqilliyimizin rəmzi olan Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətlə təbrik edirik!

Bayraq Günü son illərdə ən önəmli bayramlarımızdan birinə çevrilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. İnanırıq ki, xalqımız digər milli bayramlarımızla yanaşı bu bayramı da əbədiyyətə qədər yaşadacaq.

Mərhum İstiqlal şairimiz Bəxtiyar Vahabzadənin qələmindən süzülən və soydaşlarımızın dillər əzbərinə çevrilən "Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim" misraları bu gün artıq həyatımızın gerçəkliyimizə çevrilib. Biz bayrağımıza sahiblənməyi bacaran bir toplumuq. Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızın hər guşəsində, o cümlədən tarixi şəhərlərimiz olan Şuşada və Xankəndidə də qürurla dalğalanan üçrəngli bayrağımız 1918/20-ci illərdə ilk cümhuriyyətimizin - Azərbaycan Demokratik Respublikasının dövlət bayrağı olub. Milli hökumətin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraq müstəqil Azərbaycanın rəsmi dövlət bayrağı kimi qəbul olunub. Lakin müqəddəs bayrağımızın taleyi keşməkeşli olub, onun uğrunda çoxlu qanlar tökülüb.

1920-ci ilin aprelin 28-də Cümhuriyyətimizin süqutundan sonra üçrəngli bayrağımız düz 70 il xalqımızın ürəyində, qan yaddaşında yaşayıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə rəsmi bayrağımız kimi qaldırılıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Həmin vəsatət təmin edildi və Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevral ayının 5-də qəbul etdiyi qərara əsasən Cümhuriyyətimizin bayrağı üçüncü respublikamızın - Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildi.

Üçrəngli bayrağımızın ən üstün cəhətlərindən biri də odur ki, bu bayraq hər birimizi milli birliyə, həmrəyliyə yönləndirir. Bayrağımız milli həmrəyliyin rəmzinə çevrilib. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Ulu Öndər Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” vəsiyyətinə əməl edərək üçrəngli bayrağımıza sarılmağı və ümummilli mənafelər uğrunda birləşməyi özləri üçün mənəvi borc hesab edirlər. Biz bunun real təcəssümünü 44 günlük Vətən müharibəsində də, 19-20 sentyabr lokal antiterror tədbirlərinin gedişində də gördük. Xalqımız və Ordumuz həmin günlərdə sözün əsl mənasında Dəmir Yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında işğala və separatçılığa son qoyuldu, Şəhidlərimizin canı və qanı bahasına ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.

Ötən gün Xankəndi şəhərinin mərkəzi meydanında Zəfər Günü münasibətilə keçirilən hərbi parad isə həm böyük Qələbəmizin təntənəsi, həm də üçrəngli bayrağımızın tarixi missiyasının zirvə anı idi. Xankəndinin mərkəzində Dövlət Bayrağımızın dalğalanması düşmənlərimizə əsl göz dağı oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi Bayrağımız eşidilən səsimiz və duyulan nəfəsimizdir. Dünən dostlarımız da, düşmənlərimiz də Xankəndidən səsimizi eşitdilər, nəfəsimizi duydular. Və bundan sonra daim səsimizi eşidəcək, nəfəsimizi duyacaqlar. Hər bir soydaşımızın qürur mənbəyinə, and yerinə çevrilən müqəddəs bayrağımız daima zirvələrdə dalğalanacaq və xalqımızın böyüklüyünü, dövlətimizin gücünü nümayiş etdirəcək.

Bayraq Günümüz mübarək olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi
Xəbəri paylaş