Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Məlum olduğu kimi Kəlbəcər rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən artıq davam edən işğal başa çatdı.
Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı ki, bu da olduqca böyük uğurdur və tarixi bir hadisədir. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Kəlbəcərin işğal tarixinə baxsaq görərik ki, rayon Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə ənənəvi olaraq ikili siyasət yürütməkdə davam edərək Ermənistandan onun icrasını tələb etmədi. Bununla da 27 ildən artıq müddətdə BMT qətanmələri kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü və bununla həm də faktiki olaraq BMT qətnaməsinin tələbini reallaşdırmış oldu.
Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. İşğal zamanı ermənilər məhz belə bir strateji üstünlük əldə etdikdən sonra çox keçmədi ki, qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdilər. Odur ki, Kəlbəcər kimi belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Cənab prezident də öz çıxışlarında Kəlbəcərin strateji əhəmiyyəti haqqında danışarkən bildirmiş di ki, Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Bu mənada Ali Baş Komandanın: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” fikirləri Kəlbəcərin strateji əhəmiyyəti haqqında doğlğun təsəvvür yaratmağa tam imkan verir.
Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 3 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Görüləcək işlərin miqyasına baxdıqda tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.
Heç şübhəsiz ki, bu gün haqqında danışarkən torpaqlarımızın işğaldan azad edilməsində canlarını fəda etmiş şəhidlərimizi və qəhrəman əsgər və zabitlərimizi də yad etməliyik. Məhz onların fədakarlığı və qətiyyətinin nəticəsidir ki, bu gün 30 ilə yaxın dövr ərzində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib. Təbii olaraq dövlətimiz də onların bu fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Yusif Bağırzadə-politoloq