Günümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də inkişaf, tərəqqi müşahidə edilir. Əgər bir vaxtlar ümumilikdə ölkə üzrə səhiyyə ocaqları, xəstəxana və müalicə mərkəzləri barmaqla sayıla biləcək qədər məhdud sayda idisə, bu gün respublikamızın hər bir şəhər və rayonu, hətta ucqar kənd və qəsəbələrində belə səhiyyə ocaqları mövcuddur. Təbii ki, bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsinin inkişafı da heç də asan başa gəlməyib və səhiyyənin bu günkü səviyyəyə gəlib çatması zamanında atılan məqsədyönlü addımlar, həyata keçirilən sosial siyasətin nəticəsidir. Bu siyasətin təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər bir sahə kimi, səhiyyə sahəsinin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
Mübaliğəsiz şəkildə demək olar ki, ümummilli lider Heydər Əliyev sözün həqiqi mənasında müasir Azərbaycanın memarı olmaqla yanaşı, həm də müasir Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elminin, tibb təhsili sisteminin qurucusu, yaradıcısı, memarı olmuşdu. Bu baxımdan Heydər Əliyevin Azərbaycan səhiyyə sisteminin inkişafındakı xidmətlərini 3 mərhələyə bölmək olar. Birinci mərhələ, Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci Katibi kimi çalışdığı illər, ikinci mərhələ, Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti və üçüncü mərhələ müstəqil Azərbaycana rəhbərlik etdiyi illər.
Ümumən götürəndə, 1969-cu ilinin iyun ayından etibarən 35 ilə yaxın bir müddətdə Azərbaycana rəhnərlik edən ulu öndər Heydər Əliyev respublikada birinci şəxs simasında fəaliyyətə başladığı ilk günlərdən, digər sahələrdə olduğu kimi, ölkə səhiyyəsini, tibb elmini, tibb təhsil sistemini də diqqət mərkəzində saxlamış, onun əsaslı dəyişikliklərinin, inkişaf perspektivlərinin planını hazırlamışdı. O dövrdə Heydər Əliyev kimi şəxsiyyətin Azərbaycanda rəhbərliyə gəlməsi, ölkəmizin həyatında, o cümlədən də təkcə Azərbaycan səhiyyəsində deyil, bütövlükdə SSRİ səhiyyə sistemində əsaslı dönüş yaratdı, yeni mərhələyə başlanğıc verdi. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın səhiyyə sistemində aparılan islahatlardan sonra əldə edilən uğurlu işlərin nəticələri SSRİ-nin digər respublikalarında da tətbiq edilməyə başlanıldı.
Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi
Ümummilli liderin rəhbərliyi altında qısa müddətdə ölkəmizdə yeni uşaq xəstəxanaları və uşaq poliklinikalarının tikintisi geniş vüsət aldı. İlk 5 il ərzində 35 belə xəstəxana tikilib istifadəyə verildi. Ölkə başçısının, ilk növbədə, uşaq səhiyyəsinin problemləri ilə ciddi maraqlanması təsadüfi deyildi. Heydər Əliyev bununla genefondumuzun sağlamlaşmasını, uşaq ölümünə səbəb olan ağır infeksion xəstəliklərin, epidemiyaların qarşısının alınmasını, kütləvi peyvəndləşməni və s. bu kimi problemləri ön plana çəkir, gələcəkdəki daha genişmiqyaslı işlərin bünövrəsini möhkəmlədirdi. Tibb sahəsinin zəifləmiş maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirən ümummilli lider bu məsələni özünəmxəsus təmkin və inamla yerinə yetirirdi. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi şübhəsiz ki, ölkə iqtisadiyyatının vəziyyəti ilə birbaşa qarşılıqlı əlaqədə idi. O dövrdə xəstəxanalarda 15,7 min çarpayı vardı. Heydər Əliyev Azərbaycan Respublikasında rəhbərliyə gəldiyi ilk ilin avqust ayında keçirilən Azərbaycan Partiya təşkilatının plenumunda səhiyyənin inkişafına həsr olunmuş məsələnin müzakirəsinə və dekabr ayında səhiyyə haqqında qanunvericiliyin əsasları üzrə qərar qəbul edilməsinə nail oldu. Plenumda səhiyyəyə dair müzakirə və qəbul edilmiş bu qərar Azərbaycanda səhiyyənin gələcək inkişaf perspektivlərinin istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdən birinə çevrildi. Bundan sonra yeni səhiyyə müəssisələrinin tikintisinə, mövcud olan binaların əsaslı təmir edilməsinə, onların yeni avadanlıqlarla təchizinə imkan verən əlverişli şərait yarandı.
Səhiyyənin, tibbin ümdə problemlərini həll etmək üçün qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə yüksəkixtisaslı tibb kadrlarının yeni nəslinin hazırlanmasını təmin etməkdən ibarət idi. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Tibb İnstitutunda ulu öndərin təşəbbüsü ilə ciddi islahatlar aparıldı. Ölkənin ali tibb ocağında da maddi-texniki baza möhkəmləndirildi, tədrisin keyfiyyəti əsaslı şəkildə yaxşılaşdırıldı, aspirantura və klinik ordinatura, eləcə də internatura şöbələri yaradılaraq onların fəaliyyət dairəsi genişləndirildi, yeni fakultələr, dekanlıqlar təşkil edildi və tibb institutuna qəbulun sayı artırıldı. Bununla da kifayətlənməyən ölkə başçısı gənclərin müəyyən qrupunun ardıcıl olaraq Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin, Xarkovun və SSRİ miqyasında fəaliyyət göstərən digər iri şəhərlərin ali tibb müəssisələrində təhsil almalarına, diplomdan sonrakı ixtisasartırma kurslarına getmələrinə, aspirantura və doktorantura xətti ilə namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək alimlik dərəcələrinə yiyələnmələrinə geniş imkanlar yaratdı. Bu tədbirlər hər il ardıcıl olaraq həyata keçirilir, respublikamızda dahiyanə bir uzaqqgörənliklə müxtəlif profilli gənc tibb kadrları hazırlanır, səhiyyənin elmi və pedoqoji potensialı gücləndirilirdi. Heç bir tərəddüd etmədən demək olar ki, hazırda Azərbaycanda həm ali və orta tibb müəsissələrində, həm də səhiyyə sisteminin bütün strukturlarında rəhbər vəzifələrdə çalışan tibb alimlərinin, həkimlərin, səhiyyə işçilərinin hamısı vaxtıilə Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və dəyərli elmi məktəb keçmiş kadrlardır.
Heydər Əliyev dövrünün ilk mərhələlərində tikilib istifadəyə verilən Respublika Klinik Urologiya Xəstəxanası, neyrocərrahiyə, diaqnostika, toksikologiya, yanıq və rüablitasiya mərkəzləri ölkə əhalisinin sağlamlığının qorunmasında, diaqnostika, profilaktika, müalicə və reablitasiya tədbirlərinin yüksək professionallıq səviyyəsində həyata keçirilməsində əsaslı dönüş yaradaraq bir növ problemləri birdəfəlik həll etdi. Bununla da bir çox məsələlərdə xəstələrin artıq xərc hesabına başqa respublikalara, xarici ölkələrə getmələrinə heç bir ehtiyac qalmadı. Çünki tikilib istifadəyə verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb avadanlıqları ilə təchiz olunaraq, əhaliyə başqa ölkələrdəkindən də yaxşı səviyyədə müvafiq tibb xidməti göstərməyə başlamışdı. Elə həmin dövrdə respublikamızda bir sıra elmi-tədqiqat institutlarının, o cümlədən Elmi Tədqiqat Oftalmologiya İnstitutunun, Elmi-Tədqiqat Onkologiya İnstitutunun (hazırda bu institut Milli Onkologiya Mərkəzi adlanır) yeni binalarının təməli qoyulmuşdu.
Keçən əsrin 60-70-ci illərində Azərbaycanda sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində çalışan işçilər, xüsusilə də neftçıxarma və neft sənayesi işçiləri arasında peşə xəstəlikləri artdığından, bu növ xəstəliklərin qarşısını almaq üçün geniş tədbirlər planı hazırlanmışdı. Ulu öndərin nümayiş etdirdiyi yüksək səriştə sayəsində nəzarətdə saxlanılan bu prosesdə də müvafiq tibb alimlərinin, həkimlərin, səhiyyə işçilərinin səyi nəticəsində xeyli yaxşılaşma getdi və aparılan profilaktik tədbirlər nəticəsində peşə xəstəliyinə tutulanların sayı 25 faiz azaldı.
Azərbaycan səhiyyəsi qarşısında açılan yeni perspektivlər
XX əsrin 80-ci illərinin əvəllərində Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da səhiyyə sahəsinə köməyini azaltmadı, əksinə daha da artırdı. Bu vəzifədə o, SSRİ üzrə iqtisadiyyatın bir sıra mürəkkəb sahələri ilə yanaşı, səhiyyə sahəsinin problemləri ilə də məşğul olurdu. Bu dövrü Azərbaycanda səhiyyə sisteminin inkişafının ikinci mərhələsi kimi də xarakterizə etmək mümkündür. Düzdür, ulu öndər sözügedən vəzifədə birbaşa səhiyyə sahəsindən sorumlu olmasa da, lakin bu sahəni də xüsusi diqqətdə saxlayır və tutduğu postun imkanlarından istifadə edərək Azərbaycanda səhiyyə sisteminin inkişafına öz töhfəsini verirdi. Hər nə qədər ümummilli liderə bu fəaliyyətində maneçilik törətməyə çalışsalar da, lakin Heydər Əliyev uzaqgörən siyasəti və dərin bilik-bacarığı hesabına bu və ya digər əngəlləri dəf edə, qarşısına qoyduğu missiyanı şərəflə yerinə yetirməyə müvəfəq olurdu.
1993-cü il, iyun ayının 15-də ümummillii lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycan səhiyyəsi qarşısında yeni perspektivlərin açılmasına şərait yaratdı. Dağıdılan strukturlar bərpa olundu. Ulu öndərin yaratdığı beynəlxalq əlaqələr nəticəsində kütləvi peyvəndlərin aparılması yenidən qaydaya salındı, baş qaldırmış infeksion xəstəliklərin, epidemiyaların qarşısı alındı. 1994-cü il, oktyabrın 24-də Heydər Əliyevin imzaladığı fərmana əsasən Səhiyyə Nazirliyində Büdcədənkənar Tibbi Xidmət İdarəsinin yaradılması müstəqil ölkəmizin səhiyyə sistemində özünümaliyyələşdirmənin təməlinin qoyulmasına zəmin yaratdı. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bütün bölgələrdə yeni tibb müəssisələrin maddi-texniki bazası yaxşılaşdırıldı, V. Axundov adına Elmi Tədqiqat Tibbi-Profilaktika İnstitutunda yoluxucu xəstəliklər xəstəxanasının, Mərkəzi Klinik Xəstəxananın, Azərbaycan Tibb Universitetinin yeni tədris binasının və bir sıra digər tibb obyektlərinin açılışı oldu.
Azərbaycanda tibb elmi, tibb təhsili sistemi, səhiyyə sahəsi hazırda da ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən böyük qayğı ilə əhatə olunub. Son illərdə İlham Əliyevin təşəbbüsü ilə Qubda, Lənkəranda, Ucarda, Naxçıvan Muxtar Respublikasında və digər ucqar regionlarımızda beynəlxalq standartlara uyğun olan yeni tibb mərkəzləri, müalicə obyektləri tikilib istifadəyə verilib, ən müasir tibb avadanlıqlarla təchiz olunub. Məhz bu sahədə görülən tədbirlər, həyata keçirilən məqsədyönlü siyasət, ümumən səhiyyə infrastrukturunun yaxşılaşdırılmasının nəticəsi idi ki, Azərbaycan bütün dünyanı bürüyən COVİD-19 pandemiyasından az itki ilə çıxan ölkələrdən oldu. Zamanında ölkənin səhiyyə sisteminin müasirləşdirilməsi, yeni-yeni tibb müəssisələrinin açılması pandemiya dövründə əhalimizin risklərdən qorunması, onların sağlamlıqlarının qeydinə ən yüksək səviyyədə qalınmasına şərait yaratdı.
Bu gün də eyni siyasət, eyni diqqət-qayğı səhiyyə sektoruna davam etməkdədir. İldən-ilə respublikamızın müxtəlif bölgələrində yaradılan yeni səhiyyə ocaqları, tibb müəssisələri təkcə əhalinin regionlardan Bakıya, hətta ölkə xaricinə müalicə və ya hansısa cərrahi əməliyyata getməsinin qarşısını almayıb, eyni zamanda yüksək tibbi xidmət və müasir standartlara cavab verən avadanlıqlar vətəndaşlarımızda səhiyyə işçilərimizə güvən, etibar hissi yaradıb ki, onlar da öz həyatlarını ağ xalatlılarımıza etibar edirlər.
Süleyman İsmayılbəyli
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir