Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan teleyayım bazarına piratçılıq mərəzi

Azərbaycan teleyayım bazarına piratçılıq mərəzi


Azərbaycanda teleyayım sahəsindəki piratçılığa qarşı mübarizənin tam uğurla getdiyini söyləmək çətindir. Beynəlxalq təşkilatların hesabatlarında bir vaxtlar ölkəmizin adı mütəmadi olaraq əqli mülkiyyət hüququnu kobud şəkildə pozanlar arasında hallansa da, bu problemin aradan qaldırılmasında hələlik elə bir irəliləyiş yoxdur. Belə ki, həmin hesabatlarda Azərbaycan öncül müşahidə siyahısında ikinci dərəcəli ölkələrə aid edilirdi. Həmin dərəcədə də əqli mülkiyyət hüququnun təminatı sahəsində ən ciddi problemlərin yaşandığı ölkələr yer alır.

Newscenter.az Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinə istinadən xəbər verir ki, sözügedən problemlər arasında onlayn piratçılıq daha kəskin durur. Beynəlxalq Əqli Mülkiyyət Alyansının (IIPA) məlumatına görə, Azərbaycanda qanunsuz məzmun yerləşdirilən piratçı saytlar, o cümlədən telekanallar yayımlanan qanunsuz platformlar fəaliyyət göstərir. Bundan əlavə ölkədə telekanalların yayımını tənzimləyən rəsmi qaydalardakı boşluqlar və qanunsuz hesablara ötürülən ödənişlərin qarşısını almaq üçün nəzarətin zəifliyi də ciddi problemlər yaradır.
2022-ci ilə dair statistik rəqəmlər xoşagəlməz mənzərə yaradır. Belə ki, qanunsuz fəaliyyət göstərən sayt və platformların (o cümlədən xarici telekanalları qanunsuz yayımalayan proqramlar yüklənmiş və abunə ilə istifadə olunan qurğuların) istifadəçilərinin sayı 300 min ev təsərrüfatından artıqdır. Həmçinin qanunsuz fəaliyyət göstərən oyun platformlarının qeydə alınmış istifadəçilərinin sayında da artım vardır.

Bu kimi qanunsuz fəaliyyətlərin geniş intişar tapması ciddi problemlərə gətirib çıxara bilər. Məsələn, bunun nəticəsində qanunsuz fəaliyyət göstərən yerli platformların da yaranması üçün əlverişli şərait yaranır. Belə ki, müvafiq lisenziyasız fəaliyyət göstərən hüquqi və fiziki şəxslər təbii ki, hüquq sahiblərilə lazımi müqavilə imzalamağa, qeydiyyatdan keçməyə, dövlətə vergi ödəməyə ehtiyac görmürlər.

Bununla yanaşı, artıq qanuni fəaliyyət göstərən, o cümlədən əcnəbi OTT* platformlarının da “müstəqil”, yəni qanunsuz yayım qurmaq məqsədilə ölkəmizdə rəsmi lisenziya almaqdan yayınması halları da müşahidə olunur. Həmçinin yerli kartlardan xaricdəki qanunsuz hesablara gizli pul köçürmələri üçün müxtəlif xarici “ödəniş kvest”lərindən istifadə edilir.

Əqli mülkiyyət hüququnun təminatı və qorunması sahəsindəki bu problemlər həm özəl sektora, həm də dövlətə ciuddiu maliyyə ziyan vurur. Amma bununla da iş bitmir: müxtəlif əcnəbi yayımlara sərbəst baxmaq imkanı siyasi təbliğat üçün, habelə narkomaniya, zoraklılq, pornoqrafiya vs. ziyanlı mövzuların təbliğatı üçün də geniş meydan açılması deməkdir. Odur ki, qanunsuz məzmunların yerləşdirilməsi əvvəllər hüquq sahibləri və hökumətlər tərəfindən sadəcə onlara çatmamış maliyyə gəliri olaraq dəyərləndirildisə, bu gün məsələyə milli təhlükəsizlik nöqteyi-nəzərindən yanaşma ön plana çıxır.

Hazırda ölkəmizin adı beynəlxalq təşkilatların hesabatlarında əqli mülkiyyət hüququnun təminatı ilə bağlı artıq hallanmır. Həmçinin “piratçılıq siyahısı”na daxil edilən ölkələrə qarşı hər hansı sanksiyalar da tətbiq olunmur, bu məsələ əqli mülkiyyətlə əlaqəli qanunsuzluq hallarına qarşı daha səmərəli tədbirlər görülməsinin zəruriliyini hökumətlərin diqqətinə çatdırmaq deməkdir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin ekspertləri bu məsələyə dair tövsiyyələrində aşağıdakı tədbirlər görməyi zəruri hesab edirlər:

1. Əqli mülkiyyət hüququnun qorunmasında dövlət qurumları daha yaxından iştirak etməlidir.
2. Onlayn pozuntular üçün cinayət məsuliyyəti sərtləşdirilməlidir.
3. Əqli mülkiyyət hüququnun təminatına dair monitorinq qrupu yaradılmalıdır.
4. Müəllif və əlaqəli hüquqlarını pozanların siyahısı tərtib edilməlidir.
5. Sözügedən sahədə törədilən cinayətlərə qarşı mübarizə üçün ixtisaslı ekspertlər qrupu yaradılmalıdır.

Sona
Xəbəri paylaş