Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Kokand şəhəri “Amiriy” adına mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə qonaqlara kitabxanaya ekskursiya təşkil edilib, onun şöbələri və kitabxanaya gələn müxtəlif yaş qrupları üçün xüsusi kitab otaqları ilə tanışlıq keçirilib.
Tədbirdə çıxış edən İnformasiya-kitabxana mərkəzinin direktoru Rüstəm Xusanov kitabxanaların cəmiyyətimizdəki rolundan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin kitab və mütaliə, kitabxana elminin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi kimi aktual məsələlərə diqqətindən danışıb. O qeyd edib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Amiriy” İnformasiya-kitabxanaya hədiyyə edilən nəşrlər iki qardaş xalq arasında daha bir dostluq körpüsü rolunu oynayacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bildirib ki, Özbəkistanın kitabxana fondlarında Azərbaycan haqqında nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir və bu günə qədər Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hər il minlərlə kitab həm paytaxtın kitabxanalarına və təhsil müəssisələrinə, həm də Özbəkistanın regionlarına bağışlanıb. Diplomat qeyd edib ki, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin layihəsinə əsasən bu günə qədər Azərbaycanla bağlı 100-dən çox nəşr özbək dilinə tərcümə edilərək nəşr olunub.
Hədiyyə edilən nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var.
Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, keçmiş Qarabağ münaqişəsinə dair çap məhsulları da yer alıb.
Sözügedən kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan nəşrlərindən özbək dilində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, “Vətən üçün can fəda edən qəhrəmanlar”, “Kitabi-Dədə Qorqud” dastanı, “Hophopnamə”, “Seyid Əzim Şirvani qəzəllləri”, kimi nəşrlər, monoqrafiyalar eləcə də “Günəşə çatar başım – Xurşidbanu Natəvan” “Mən həqiqətin səsiyəm – Əhməd Cavad”, “Əlişir Nəvainin hikmətləri”, “Azərbaycan və özbək atalar sözləri” kimi ikidilli nəşrlər, “Heydər Əliyev – 100 kəlam” adlı üçdilli nəşr, “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli ensiklopedik nəşrlər, habelə, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair kitablar da əks olunub.
S.İsmayılbəyli