"Azərbaycanın Qarabağı separatçılardan və Ermənistanın hərbi birləşmələrindən təmizləməsi bəzi Qərb ölkələrində narahatlıq yaratmışdır. Bunun baş verməsində təbii ki, Avropa ölkələrində fəaliyyət göstərən erməni diasopası və lobbisinin böyük rolu olub. Avropa ölkələrində Azərbaycana qarşı yalan və iftiradan qaynaqlanaraq köklənən siyasi münasibət toplanaraq regional və beynəlxalq təşkilatların mövqeyində də ifadə olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli son vaxtlar Avropa Şurası Parlament Assambleyasında və Avropa İttifaqından Azərbaycana qarşı artan təzyiqləri şərh edərkən səsləndirib. Onun sözlərinə görə, hər hansı bir dövlətə qarşı yönələn cür ümumi mövqe əhəmiyyətli təsirə malikdir:
"Ona görə biz də Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı ədalətsiz mövqeyə biganə qala bilmərik. Əvvəla, bu Azərbaycan dövlətinə qarşı aşağılayıcı münasibət yaradır. Bizi demokratik dəyərlərdən uzaq, mədəni dünya ailəsi üçün təhlükə hesab edirlər. İkincisi isə siyasi, iqtisadi əməkdaşlıqda 2-ci dərəcəli tərəfdaş kimi baxırlar. Nəticədə Azərbaycanın Avropaya inteqrasiyasının qarşısı alınır. Bu da getdikcə sanksiyalara aparıb çıxara bilər. Ancaq bütün bunlara rəğmən Ermənistan üçün Avropanın qapıları açılacaq və ermənilərin həyat səviyyəsi yüksəlməkdə davam edəcək. Ermənistana Avropanın mənəvi, maddi dəstəyi artacaq".
Mütəllim Rəhimli hesab edir ki, yaranmış situasiyanı təkcə Avropanın xristian təəsübkeşliyi, erməni lobbisinin gücü və s. psevdo bəhanələrlə "əsaslandırıb" kənara çəkilmək doğru deyil:
"Bu prosesin gələcək təhlükələrini hiss edərək təcili tədbirlər görülməlidir. Azərbaycana qarşı mövqe sərgiləyən hər bir dövlətdə fəaliyyət göstərən səfirimizdən bunun hesabatı soruşulmalıdır. Dövlət bu səfirliklərin saxlanılması üçün milyonlarla pul xərcləyir. Onların Avropaya istirahətə göndərilmədiyini dərk etməlidirlər. Vəzifəsinin öhdəsindən gəlməyi bacarmayanlar isə təcili olaraq dəyişdirilməlidir. Görünən odur ki, səfirlərimiz bacarıqlarına görə deyil, başqa meyarlar əsasında seçilib. Ona görə də hakimiyyət ilk növbədə problemin həllinə buradan başlamalıdır".
Süleyman