"Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qış sessiyasında almaniyalı deputat Frank Şvaben tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı təklifinin dəstəklənməsi ölkəmizin üzləşdiyi növbəti ikili standartlar nümunəsidir. İrəli sürülən iddiaların siyasi motivlərinə keçməzdən öncə məlum addımı gündəmə gətirən almaniyalı deputat Frank Şvabenin kimliyindən bəhs etməkdə fayda var".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, Sosial Demokrat Partiyasının üzvü və kansler Olaf Şoltsa yaxınlığı ilə tanınan Frank Şvabenin əksər AŞPA nümayəndələri kimi erməni diasporu ilə yaxın əlaqələri mövcuddur:
"İslamafob, türkofob mövqeyində olan bu şəxsin neonasist Pegida hərəkatının üzvləri ilə münasibətləri onun politik portreti haqqında fikir formalaşdırmağa kifayət edir".
AVP funksioneri deyib ki, İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən sonra Avropa siyasi mühütində ölkəmizə qarşı qərəzli iddiaların artdığını müşahidə edirik:
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il müddətində işğalda saxlanılması faktına göz yuman təşkilatlar, indi ölkəmizə yönəlik yeni təzyiq metodları tətbiq etməyə çalışırlar. Təbii ki, hadisələrin məntiqi Avropanın siyasi lokomotivi hesab olunan Fransaya dayanır. Son dönəmlər rəsmi Bakı qarşısında ardıcıl məğlubiyyətlər alan Paris, indi də alman deputat vasitəsilə öz istəklərini yerinə yetirməyə çalışır. Fransa-Almaniya tandemi AŞPA-da Azərbaycan əleyhinə qarayaxma kompaniyasına başçılıq edir. Reallıq ondan ibarətdir ki, məlum qurumun ritorikası Bakı üçün elə də yad deyil. 2001-ci ilədən üzv olduğumuz AŞPA, hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Bu zamana qədər adı çəkilən qurumdan Ermənistan əleyhinə ara-sıra heç bir əhəmiyyət kəsb etməyən bəyanatlardan savayı tutarlı heç bir fikir görməmişik. Əksinə, soyqırım faktlarından tutmuş ən ağır hərbi cinayətlər müəllifi olan İrəvan, bu müddət ərzində hər zaman qeyri-şərtsiz olaraq dəstəklənmişdir. Sadaladığım reallıqlar fonunda.
Biz öz ərazi bütövlüyümüzü təmin etmişik. Ali Baş Komandan, ordu, xalq birliyi 200 illik münaqişə irsini məhv edib. Lakin buna baxmayaraq qalib tərəf olsaq da sülh danışıqları istiqamətində ilk addımı da, məhz biz atmışıq. Halbuki beynəlxalq praktika göstərir ki, məğlub tərəf danışıqlar masasına əyləşməyə daha çox can atmalıdır. Təbii ki, Fransanın moderatorluğu ilə qəbul edilən qərar, regionda yeni cücərən sülhün məhv edilməsinə hesablanmışdır və bu tip ritorikadan ruhlanan Paşinyan administrasiyası sülh danışıqları ətrafında vaxt qazanmağa yönəlik mövqe nümayiş etdirməkdən çəkinmir".
Pərviz Mirizadə deyib ki, rəsmi Bakı beynəlxalq təşkilatlarla işləmək və əlaqələrin inkişaf etdirilməsində hər daim maraqlı olduğunu vurğulamışdır:
"Ancaq, bu ona əsas vermir ki, hansısa təşkilat ölkəmizi qaralamağa, ikili standartlara boyun əyməyə məcbur etsin. Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan haqları və yaxud azadlıqla heç bir əlaqəsi yoxdur. Bu, öz suverenliyini bərpa etmiş Azərbaycana regional maraqlar kontekstində təzyiq etmək cəhdidir".
Süleyman