"Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifin özü arıtq Avropa Şurasının ölkəmizə qarşı qərəzli yanaşmasının göstəricisi idi. Təklifə uyğun olaraq dünən Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqi isə AŞPA adlı qurumun rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, baş verənlərin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi olduğu gün kimi ortadadır:
"Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəməməsini, eləcə də Ermənistanı məğlubiyyətini və suverenliyimizin bərpa olunmasını həzm edə bilmirlər. Qətnamənin qəbulunda əsas səbəb kimi guya ki, Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi, eləcə də AŞPA-nın 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi göstərilib. Əslində isə AŞPA nümayəndələri məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Əgər belə olsaydı o zaman AŞPA Azərbaycanla bağlı deyil, məhz Ermənistanla bağlı Qətnamə qəbul edərdi. Çünki hal-hazırda Ermənistanda müxtəlif ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla müxtəlif ictimai və siyasi xadimlər həbsxanalara doldurur. Hətta sosial şəbəkədə fikir bildirənlərə qarşı da amansızlıq hökm sürür. Ermənistanda hətta ən müstəqil QHT-lər belə etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb".
Politoloq qeyd edib ki, amma biz AŞPA kimi beynəlxalq qurumların Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumduğunu, hətta tənqidi fikirlər belə səsləndirmədiyini görürük. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir:
"Azərbaycanı Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməkdə günahlandırmaq da absurd iddiadan başqa bir şey deyil. Belə ki, 30 illik işğal zamanı ərazilərimizdə törədilən dağıntı, qanunsuz məskunlaşmalar və təbii sərvətlərin talan olunması ilə bağlı beynəlxalq missiyaların səfərini Ermənistan hər zaman əngəlləyib. Hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da təhrif edib. Azərbaycan isə antiterror tədbirlərindən sonra BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilib".
Yusif Bağırzadə deyib ki, BMT missiyası qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesini də, Laçında nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini də müşahidə edərək Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik ediblər və bunun da öz hesabatlarında təsdiqləyiblər:
"BMT missiyasının hesabatını qulaqardına vuran AŞPA isə uzun illər ərzində üzvü olan bir ölkənin, yəni, Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumduğu kimi indi də həqiqətlərə göz yumaraq Azərbaycanı hədəf alan Qətnamə qəbul edir.
Hər kəs xatırlayır ki, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olandan sonar isə AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsəd aydın idi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlamaq. Təbii ki, sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan verməməli idi və vermədi də.
Təbii ki, baş verənlər Azərbaycan üçün sürpriz olmadı. AŞPA tərəfindən ard-arda ölkəmiz əleyhinə qəbul olunan Qətnamələr belə bir nəticəni gözlənilən edirdi. AŞPA-nın Azərbaycana qarşı bundan sonra da ədalətsiz, məkirli addımlar ata biləcəyini gözlmək olar. Çünki söhbət öz qərarlarında ədalətə və beynəlxaq hüquqa deyil, ayrı-ayrı ölkələrin maraqlarından çıxış edən bir qurumdan gedir".
Sonda Yusif Bağırzadə deyib ki, istənilən halda baş verənlər ölkəmizə qarşı məkrli addımların bariz nümunəsi kimi qiymətləndirilməlidir və bundan sonra hansı addımların atılacağından asılı olmayaraq baş verənlərə görə məsuliyyət tamamilə bu qərarın təşəbbüskarlarının üzərinə düşəcək:
"Hər kəs, ayrı-ayrı ölkələr də, beynəlxalq təşkilatlar da anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək".
Süleyman