Bir xalqın gerçək kimliyini tanımaq, onun etnopsixoloji tipini, xarakterini bilmək üçün həmin xalqın qonşu xalqlara qarşı münasibətini, davranışını müşahidə etmək kifayət edər. Ermənilərin zaman-zaman Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməsi də onların bədnam xislətini göstərir. 31 Mart Soyqırımı da ənənəvi havadarlarının köməyi ilə bizim ərazilərimizdə mifik “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən ermənilərin xalqımıza qarşı ideoloji və hərbi təcavüzkarlığının ən bariz təzahürlərindən biridir.
19-20-ci əsrlərin qovşağında bütün dünyanın millətçilik və sosializm kabusuna təslim olduğu bir məqamda Cənubi Qafqazda da bədnam millətçilik, irqçilik, etnik ədavət və ksenofobiya simptomları sürətlə yayılmağa başladı. Bu cür yırtıcı, dağıdıcı ideyaları yayanlar isə məhz “Qnçak”, “Daşnaksütyun” kimi terrorçu, devrimçi hərəkatları yaradan qatı erməni millətçiləri idi. Belə ki, çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürüldükləri tarixlərdən etibarən Azərbaycan türklərinin doğma yurdlarından etnik təmizlənməsinin həyata keçirilməsi üçün bütün zorakı üsullardan istifadə edən radikal ermənilər 20-ci əsrin əvvəllərində düz iki dəfə - 1905/07-ci illərdə və 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı amansız qırğınlar törədiblər. 31 Mart Soyqırımı sözügedən qanlı qırğınların kulminasiya nöqtəsi sayılır.
Belə ki, martın 31-də bolşevik Rusiyasının Cənubi Qafqaz üzrə Fövqəladə Komissarı, qatı erməni millətçisi kimi tanınan Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Soveti və “Daşnaksutyun” partiyası tərəfindən Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərimizdə törədilən soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri dağıdılıb, məscidlər və mədəni abidələr yandırılıb. Bu kütləvi qırğınlar və vandalizm nəticəsində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, Naxçıvanda və İrəvan quberniyasında yüzlərlə kənd dağıdılıb, on minlərlə azərbaycanlı amansızlıqla qətlə yetirilib. Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. Onların arasında yəhudi əsilli həmvətənlərimiz də var. Bu baxımdan 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il Mart Soyqırımının əyani sübutlarından biridir.
Əfsuslar olsun ki, Azərbaycan xalqına qarşı törədilmiş 31 Mart Soyqırımı uzun müddət öz siyasi-hüquqi qiymətini almayıb. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti 31 mart qırğınlarının tədqiq edilməsi və günahkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Həmin komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, bir çox erməni quldurları, terrorçuları həbs olunub. Lakin 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu mart hadisələrinin tam şəkildə araşdırılmasını və bu qırğınlara siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu. Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə mart qırğınlarına gərəkən hüquqi-siyasi qiymət verilib, o cümlədən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Beləliklə, 1998-ci ildən başlayaraq 31 Mart Azərbaycanlıların Soyqırımı Günü hər il dövlət səviyyəsində qeyd olunur. Bu isə dünya ictimaiyyətinin diqqətini xalqımıza qarşı aparılan təcavüzkar siyasətə cəlb etmək üçün olduqca vacibdir. Lakin təəssüflər olsun ki, tarix boyu başımıza gətirilən digər müsibətlər kimi soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş 31 Mart soyqırımına da beynəlxalq ictimaiyyət tərəfindən hələ də ədalətli mövqe bildirilməyib. Dünya birliyi ermənilərin törətdiyi vəhşilikləri görməzdən gəlir. Çünki bu gün dünyada tarixi ədalətin bərpası məsələsinə münasibətdə ikili standartlar hökm sürür. Bu da ilk növbədə mövcud geosiyasi amillərlə bağlıdır.
Ona görə də Azərbaycan radikal erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə həyata keçirilən soyqırımı siyasəti, mülki əhaliyə qarşı törədilən terror və təxribatlar, tarixi həqiqətlərin saxtalaşdırılması, maddi-mədəniyyət nümunələrimizin oğurlanması, tariximizin ayrılmaz bir parçası olan alban məbədlərinin ermənilər tərəfindən özününküləşdirilməsi kimi mənfur əməllərin qarşısını özü almalı oldu. Və hər bir azərbaycanlının illər boyu gözlədiyi tarixi ədalət 44 günlük Vətən müharibəsinin, eləcə də 23 saatlıq lokal antiterror əməliyyatının nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bərqərar oldu. Beləliklə, son 200 ildə xalqımıza qarşı yeridilmiş terror və soyqırımı siyasətinin, erməni-bolşevik silahlı dəstələrinin törətdikləri qətliamların qurbanlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin qisası alındı.
Bəli, biz düşməndən qisasımızı aldıq. Lakin başımıza gətirilən müsibətlərin yenidən təkrarlanmaması üçün, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi istər 31 Mart - Azərbaycanlıların Soyqırımını, istərsə də Xocalı soyqırımını və günahsız soydaşlarımızın məruz qaldığı digər qətliamların dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq. Necə deyərlər, tarixdən dərs çıxarmalıyıq ki, tarix təkrarlanmasın. Eyni zamanda xalqımıza qarşı yeridilmiş soyqırımı və deportasiya siyasəti barədə əsl həqiqətləri dünya ictimai fikrinə çatdırmaq üçün əlimizdən gələni etməliyik. Dünya ictimaiyyətinin erməni faşizminin mahiyyətinə yaxından bələd olması bu gün bizim hər birimizdən asılıdır. Həmçinin Ermənistanda yenidən revanşizmin baş qaldırmasına, ultramillətçi qüvvələrin fəallaşmasına rəvac verən və Cənubi Qafqazı yenidən hərbi eskalasiyaya sürükləyən Fransa, ABŞ, Avropa İttifaqı kimi qızışdırıcı qüvvələri dayandırmaq üçün beynəlxalq ictimai rəyə təsir etməliyik.
Ona görə də öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bütün bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan 1918-ci ilin mart soyqırımlarını dünyanın diqqət mərkəzində saxlamalıyıq. Dünya görməlidir ki, mülki insanlara qarşı törədilən müharibə cinayətləri, sistematik etnik nifrət və dözümsüzlük siyasəti sonda nə kimi ağır faciələrə gətirib çıxarır. Eləcə də beynəlxalq təşkilatlar 1918-ci ilin mart qırğınlarını BMT konvensiyalarına əsaslanaraq soyqırımı aktı kimi tanımalıdır. Əks təqdirdə XX əsrin bu cür tükürpərdici vəhşilikləri 21-ci yüzillikdə də təkrarlana bilər. Ümumiyyətlə, terrora, soyqırımına, faşizmə meylli toplumlar heç bir halda cəzasız qalmamalıdır.
Bu gün o amansız faciənin baş verməsindən 106 il ötür. Biz, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə bu qanlı faciənin bütün günahsız qurbanlarının xatirəsini dərin hüznlə və ehtiram hissilə yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri