Biz həmişə demişik ki, Azərbaycanda müxalifətin əsas rəqibi (və hətta düşməni) hakimiyyət yox, elə müxalifətin özüdür. Daha doğrusu, müxalifətin radikal qanadının lap radikal hissəsi sayılan AXCP və “Milli Şura” bir yandan radikal müxalifətin nisbətən adekvat qolu olan Müsavat Partiyasına qarşı, o biri yandan isə gah “avtobus müxalifəti”, gah da “cib müxalifəti” adlandırdıqları konstruktiv müxalifətə qarşı zaman-zaman amansız mübarizə aparıb və bu gün də bu mübarizə davam etməkdədir.
Bunu AXCP-nin sədri Əli Kərimlinin İsa Qəmbərin Müsavat Partiyasının başqanı seçilməsinə verdiyi əcaib reaksiyasından görmək mümkündür. Belə ki, cəbhəçilərin “əbədi lider”i Əli Kərimli İsa Qəmbər başqan seçildikdən dərhal sonra özünün Facebook hesabında etdiyi paylaşımının ilk cümləsinə öz aləmində İsa Qəmbəri “vurmaq”la başlayıb: "Tofiq Yaqublunu həbsdə saxlamaq üçün hakimiyyətin artıq heç bir bəhanəsi də qalmayıb".
Bilənlər bilir ki, bu cümlənin arxa üzündə sətiraltı mənalar da var. Əsas məna da budur ki, guya, Tofiq Yaqublu hazırda azadlıqda olsaydı, Müsavatın başqanı İsa Qəmbər yox, məhz Tofiq Yaqublu seçiləcəkmiş. Burdan da belə bir alt məna da çıxır ki, sən demə, hakimiyyət Tofiq Yaqublunun deyil, İsa Qəmbərin Müsavat rəhbəri olmasını istədiyi üçün birincini həbsdə saxlayırmış...
Şübhəsiz ki, bütün bunlar Əli Kərimlinin xəyal məhsuludur, fantaziyalarıdır. Ancaq bu fantaziyalarda zərrə qədər də olsun məntiq adına nəsə bir şey yoxdur. Əli Kərimlinin bələdçiyə ehtiyac olmadan da görülə bilən məntiqsizliyi ondadır ki, Tofiq Yaqublu bundan öncəki seçkilərdə də Müsavatın başqanı seçilməyə cəhd göstərmiş, lakin uduzmuşdu. 2019-cu ilin oktyabrında baş tutan seçkilərdə sıravi müsavatçılar bir ayağı əLİ Kərimlinin yanında – “Milli Şura”da olan Tofiq Yaqubluya səs verməkdən nümayişkaranə şəkildə imtina etmişdilər.
Müsavatın daxili seçici elektoratı bu gün də eyni mövqedədir. Belə ki, əgər Tofiq Yaqublu azadlıqda olsaydı və Müsavat başqanlığına namizədliyini irəli sürsəydi, müsavatçıların ən yaxşı halda cəmi 1 faizi ona səs verə bilərdi. Çünki müsavatçılar bu adamı partiya lideri obrazında görmürlər. Başqa sözlə desək, müsavatçılar dərk edirlər ki, meydanlarda olmaq, “istefa” şüarını qışqırmaq ayrı, partiya lideri olmaq isə bir ayrı məsələdir.
Ancaq İsa Qəmbərə münasibətdə isə tamam fərqli bir seçici rəğbətini gördük. Onun başqan olmasını hamı yekdilliklə dəstəklədi. Hətta daha öncədən başqanlığa namizədliklərini irəli sürən şəxslər də İsa Qəmbərin namizədliyini eşidən kimi öz namizədliklərini geri götürdü. Bu da İsa Qəmbərlə Tofiq Yaqublu personası arasında fərqin dağla aran qədər kəskin olduğunu göstərir. Çünki İsa Qəmbərdən fərqli olaraq Tofiq Yaqublunun partiya elektoratı arasında heç bir nüfuzu, populyarlığı yoxdur. Bunu etiraf etmək lazımdır. Və Əli Kərimli də artıq bu reallıqla barışmalıdır. Barışmaq istəmirsə də, bu da onun öz problemidir. Necə deyərlər, getsin bir stəkan soyuq su içsin.
Düzdür, AXCP sədrinin hikkəsini, qəzəbini də haradasa başa düşmək olar. Adam bəlkə də Tofiq Yaqublunu hansısa bir yolla Müsavatın rəhbəri postuna gətirmək və bununla da Müsavatı AXCP-nin sadiq yandaşına çevirmək barədə planlar cızırmış. Lakin görünən budur ki, Əli Kərimlinin planları suya düşüb. İsa Qəmbərin yenidən fəal siyasi arenaya qayıtması və Müsavat başqanlığına seçkilərdə, tam və qəti qələbəyə imza atması AXCP sədrinin keyfinə soğan doğrayıb. Əli Kərimli Tofiq Yaqubludan “zorən başqan” düzəltmək istədiyi halda, qarşısında özünün əbədi rəqibi İsa Qəmbəri gördü.
İsa Qəmbərin dönüşü Əli Kərimlinin “müxalifətin şəriksiz lideri” statusundan məhrum olmasına da gətirib çıxara bilər. Bu da Əli Kərimlini əndişələndirən əsas psixoloji amillərdən biridir. Ona görə də AXCP-nin uzaqgörən, strateq” lideri bəri başdan trollarını hərəkətə keçirib, sosial şəbəkələrdə İsa Qəmbərə qarşı linçetmə kampaniyasına start verib. Hətta bir-iki təlxək, alkoqolik bloger-flanı da bu “proses”ə qoşub. Onlar da sosial-şəbəkələrdə İsa Qəmbəri gözdən salmağa hesablanmış bir-iki səviyyəsiz, cılız paylaşımlar ediblər, “ağa”larının tapşırığını yerinə yetiriblər. “Ağa”ları Əli Kərimli də yəqin ki, həmin qaragüruhçu paylaşımlardan məmnundur.
Çünki Əli Kərimlinin mahiyyəti budur. Adam illərdir ki, virtual məkanda “fırtına” yaratmaqla və “şəriksiz lider” obrazını qorumaqla məşğuldur. Ona görə də həmin obrazını bundan sonra da qoruyub saxlamaq üçün İsa Qəmbərə qarşı gizli “Səlib yürüşü” elan edib. Makiavelli sağ olsaydı, yəqin ki o da Əli Kərimlinin bu fəndgirliyinə “bərakallah” deyərdi. Axı müxalifətlə savaşmaq hər adamın işi deyil. Əli Kərimli isə bunu çox yaxşı bacarır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri