Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ukrayna arasında əməkdaşlığın institusional əsası daha da güclənir

Azərbaycan və Ukrayna arasında əməkdaşlığın institusional əsası daha da güclənir



Azərbaycan və Ukrayna arasında münasibətlər artıq uzun illərdir ki, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Xüsusilə tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi bu əlaqələrin siyasi əsasını təşkil edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri zamanı bu mövqe bir daha bəyan olundu. Məlu olduğu kimi, 2008 və 2011-ci illərdə imzalanmış sənədlər bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Son illərdə liderlər arasında intensiv təmasların olması əlaqələrin dinamik xarakterini təsdiqləyir. Bu, həm də qarşılıqlı maraqlara əsaslanan real əməkdaşlığın göstəricisidir.

Qəbələdə baş tutan görüş və mətbuata verilən bəyanatlar dövlət başçıları arasında münasibətlərin daha geniş strateji və praktiki əməkdaşlıq müstəvisinə keçdiyini təsdiqləyir. Bu səfər həm regional, həm də qlobal geosiyasi kontekstdə mühüm mesajlarla yadda qaldı.

Görüşün əsas istiqamətlərindən biri energetika sahəsi oldu. Azərbaycanın enerji resursları və Ukraynanın tranzit, istehlak imkanları bu sahədə sinerji yaradır. Məlum olduğu kimi, SOCAR artıq uzun illərdir Ukraynada fəaliyyət göstərir və bu, əməkdaşlığın praktik nəticəsidir.

Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi müsbət göstərici sayılsa da, hər iki tərəf bunun potensialdan xeyli aşağı olduğunu etiraf edir. Yeni investisiya layihələri və birgə təşəbbüslər yaxın illərdə iqtisadi əlaqələrin genişlənəcəyini deməyə əsas verir.
Səfər zamanı diqqət çəkən məqamlardan biri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Cənab Prezident də vurğuladı ki, burada çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Yeri gəlmişkən, anti-dron texnologiyasımı özündə ehtiva edəcək bu əməkdaşlıq müdafiə xaralterlidir. Azərbaycan heç bir halda Rusiya ilə Ukrayna arasında müharibədə iştirak etmir. Rəsmi Bakı bu müharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır.

Azərbaycan ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına da öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərir. Humanitar dəstək bir neçə formada özünü göstərir. Ukraynadan olan uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsi, həmçinin Ukraynanın enerji sisteminin sıradan çıxması nəticəsində yaranmış böhranın aradan qaldırılması ilə bağlı ölkəmiz Ukraynaya elektrik generatorları göndərir.
Həmçinin, Azərbaycan bərpa və quruculuq sahəsində dünyada unikal təcrübəyə malik ölkədir. Gələcəkdə bərpa və quruculuq layihələrinin reallaşdırılmasında, həmçinin mina təmizləmə prosesində rəsmi Bakı öz təcrübəsini bölüşə bilər.

Azərbaycanla Ukrayna arasında olan münasibətlər hər iki xalqın maraqlarına uyğun inkişaf etdirilir. İki ölkə arasında 6 sənədin imzalanması əməkdaşlığın institusional əsasını daha da gücləndirəcək.

Könül Nurullayeva, Milli Məclisin deputatı
Xəbəri paylaş