
"Belçika və Niderland parlamentlərinin 16 aprel 2026-cı il tarixli qətnamələri hüquqi baxımdan məcburedici deyil və hakimiyyət üçün də birbaşa öhdəlik yaratmır. Bu qətnamələr nə sülh müqaviləsini dayandıra bilər, nə də ki regionda hərbi vəziyyəti dəyişə bilər. Bu baxımdan sülh prosesinə birbaşa təsir səviyyəsi aşağıdır".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, qətnamələr yanlış zamanda qəbul olunub və Azərbaycan tərəfinə qarşı əsassız ittihamlar irəli sürülüb:
"Yəni birtərəfli siqnal olaraq, danışıqlar mühitin pozur və hətta prosesi ləngidə bilər. Qəbul edilmiş sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsası olmayan iddialar irəli sürülüb və Qarabağdan köçmüş ermənilərin geri qayıtması kimi məsələlər qabardılır. "Soyqırım" və "əsirlər" kimi terminlər sənəddə yer alıb. Heç şübhəsiz ki, qəbul edilən qətnamədə qərəzli mövqe açıq şəkildə ifadə olunur və təxribat xarakterlidir".
Ekspert qeyd edib ki, Azətbaycan hökuməti bunu sülh prosesinə zərbə olaraq qiymətləndirib və bu cür addımlar, Ermənistan və Azərbaycan arasında, sülh istiqamətində qurulmaqda olan münasibətlərin, əlaqələrin, ümumiyyətlə, iki ölkə arasında etimad mühitinin zəifləməsinə hesablanmış siyasi addımlardır:
"Xüsusilə də Ermənistanda revanşist qüvvələri ruhlandıran sənəddir və hesab edirəm ki, seçkiqabağı Ermənistandakı vəziyyətə təsir edə bilər. Qətnamənin məhz Azərbaycan və Ermənistan parlament rəhbərlərinin görüşü ilə eyni vaxta düşməsi təsadüf sayıla bilməz və aydındır ki, proseslərə kölgə salmaq məqsədi daşıyır. Hər iki ölkənin səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb və bu onu göstərir ki, məsələ artıq diplomatik müstəvidə davam edəcək. Hesab edirəm ki, bu kimi hallar həmçinin Avropa ölkələri ilə münasibətləri də gərginləşdirə bilər".
Süleyman










































