Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr regiondakı sülh prosesinə mənfi təsir göstərən addımlardır

Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr regiondakı sülh prosesinə mənfi təsir göstərən addımlardır



"Belçika və Niderland parlamentlərində qəbul olunan anti-Azərbaycan qətnamələri mövcud regional reallıq fonunda daha çox siyasi-ideoloji mövqe nümayişi kimi qiymətləndirilə bilər, nəinki praktiki təhlükəsizlik arxitekturasına birbaşa təsir edən amil kimi".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu sənədlərin hüquqi baxımdan məcburedici gücə malik olmaması onları formal olaraq sülh prosesinin determinantı səviyyəsindən uzaqlaşdırsa da, siyasi və psixoloji müstəvidə müəyyən mənfi təsirlər yaratmaq potensialını tam istisna etmir:

"Əsas məsələ də məhz bu qeyri-birbaşa təsir imkanları ilə bağlıdır.

İlk növbədə, bu qətnamələr regionda artıq formalaşmaqda olan həssas post-münaqişə balansına uyğun gəlməyən birtərəfli yanaşmanə ortaya qoyur. Sülh prosesləri, xüsusilə də uzunmüddətli münaqişələrdən sonra, adətən qarşılıqlı etimadın tədricən bərpasına əsaslanır. Belə şəraitdə kənar aktorların selektiv mövqe sərgiləməsi tərəflər arasında etimadın daha da zəifləməsinə səbəb ola bilər. Bu isə dolayısı ilə münasibətlərin normallaşma ritmini və konstruktivliyini zəiflədir. Yəni qətnamələr birbaşa təhlükə yaratmasa da, sülh mühitinin psixoloji-institusional əsaslarını aşındırmaq riski daşıyır".

Politoloqun sözlərinə görə, digər mühüm məqam bu sənədlərin regional reallıqlardan müəyyən qədər uzaq olması ilə bağlıdır:

"Son illərdə Azərbaycan regionda yeni status-kvo formalaşdırıb və bu status-kvo artıq bir çox beynəlxalq aktorlar tərəfindən de-fakto qəbul olunub. Belə bir şəraitdə əvvəlki yanaşmalara əsaslanan və ya birtərəfli narrativləri təkrarlayan qətnamələr real vəziyyəti dəyişdirmək gücündə deyil, əksinə, normativ və faktiki reallıq arasında uçurumu dərinləşdirir. Bu isə həmin sənədlərin effektivliyini minimuma endirir və onları daha çox daxili siyasi auditoriyaya hesablanmış addım kimi göstərir.
Bununla yanaşı, bu tip qətnamələr Avropa institutlarının vasitəçi və ya balanslaşdırıcı roluna da xələl gətirə bilər. Əgər müəyyən ölkələrin parlamentləri açıq şəkildə tərəf tutan mövqelər nümayiş etdirirsə, bu, onların neytral ölkə olmadığını və sülh prossesinə kölgə salmaq istədiklərini ortaya qoyur. Halbuki regionda davamlı sülhün qurulması üçün xarici aktorların balanslı və praqmatik mövqeyi mühüm şərtlərdən biridir. Bu baxımdan, qeyd olunan qətnamələr Avropanın ümumi diplomatik çəkisini artırmaq əvəzinə, müəyyən mənada məhdudlaşdıran faktor kimi çıxış edə bilər.

Ümumi olaraq deyim ki, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr regiondakı sülh prosesinə mənfi təsir göstərən addımlardır. Bu sənədlər reallığı dəyişdirmək gücündə olmasa da, etimad mühitini zəiflədən, tərəflər arasında siyasi məsafəni artıran və beynəlxalq vasitəçilik imkanlarını məhdudlaşdıran faktor kimi çıxış edir. Bu səbəbdən onları destruktiv addım kimi qiymətləndirmək üçün kifayət qədər əsaslar var"

Süleyman
Xəbəri paylaş