
Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komotəsinin sədri Şahmar Rəfili qonaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, Universitet tələbələri ölkənin ictimai-siyasi həyatında xüsusilə gənclər hərəkatında çox aktiv iştirak edirlər. 44 günlük Vətən Müharibəsində 27 nəfər şəhidimizin olması tələbələrimizin vətənpərvərliyinin ən bariz nümunələrindəndir. Bu faktın tələbə gənclərin fəallığını artırdığını və onların cəmiyyət həyatında daha aktiv rol oynamasına şərait yaratdığını vurğulayıb.
Daha sonra söz Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənliyə verilib. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsəd və vəzifələri Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.
Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. Eyni zamanda gənclərimizin kənar mədəni təsirlərə qarşı effektiv mübarizə apara bilməsi üçündə bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.
Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir.Hər bir gənc təhsil aldığı sahəni mükəmməl bilməklə yanaşı həm də vətənpərvər olmalıdır ki, dövlətinə və xalqına bağlı olsun.O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.
Tədbirdə çıxış edən gənc yazar, ədəbiyyatşünas Elmir Həsən özünündə gənc olduğunu diqqətə çatdıraraq tələbə gənclərlə daha səmimi bir diskusiya aparacağına əmin olduğunu bildirdi. Gənc yazar Elmir Həsən milli mənəvi dəyərlər sırasında həm də xalqların yaratmış olduğu müxtəlif memarlıq abidələrin olduğunu vurğulayaraq müasir şəhərsalmada da milli memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yedirildiyini bildirdi. Yenidən inşa olunan şəhərlərimizdə xüsusilədə Azərbaycanın mədəniyyət paytaxtı adlanan Şuşa şəhərinin yenidən qurulmasına Azərbaycan milli memarlıq ənənələrinin qorunub saxlanılmasını tələbə gənclərin diqqətinə çatdıraraq bildirdi ki, hansı peşə sahəsində olmasından asılı olmayaraq gənclərimiz müasirliklə milliliyin vəhtədinə önəm verməlidirlər.
Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.
Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.











































