Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası keçən ilki fəaliyyəti ilə bağlı parlamentdə hesabat verdi

Hesablama Palatası keçən ilki fəaliyyəti ilə bağlı parlamentdə hesabat verdi


Aprelin 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclası açan spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi.

Spiker qeyd edib ki, Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında 126 ölkədən 1500 nəfərdən çox nümayəndə, o cümlədən 720 nəfər parlament üzvü iştirak edirdi. Onlardan 80 nəfəri parlament sədri, 52 nəfəri isə sədr müavini idi.

Assambleyanın iclası “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə parlamentlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinə yönələn təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi.

Sahibə Qafarova bildirib ki, o, Assambleyanın iclasında çıxış edərək bəşəriyyəti narahat edən bir sıra qlobal problemlərə diqqət çəkib. Bildirib ki, bu problemlərin həllində parlament üzvləri birgə və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidirlər.

O, Assambleyadakı çıxışında, həmçinin ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində iclas iştirakçılarına geniş məlumat verdiyini diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova deyib ki, aprelin 17-də Assambleya çərçivəsində ümumi müzakirələrə Azərbaycan parlamentinin rəhbəri kimi o sədrlik edib.

Assambleya çərçivəsində keçirilən 41-ci Qadın Parlamentarilər Forumunda Milli Məclisin sədri çıxış edərək qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim edib. O, çıxışında qeyd edib ki, parlament üzvləri mövcud problemlərin həllində fəal iştirak etməlidirlər, çünki bu gün dünyada sülhün təmin olunması üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyulur.

Spiker bildirib ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirdi. Görüşdə qeyd edildi ki, parlamentlər arasında əməkdaşlığın dərinləşdirilməsi qlobal çağırışların həllində önəmli rol oynayır.

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib.

Spiker deyib ki, o, çıxışında qeyd edib ki, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik inkişaf edir. Azərbaycan türk dünyasının inteqrasiyası və yüksəlməsi naminə ardıcıl fəaliyyət göstərir. Və Milli Məclis bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək.

Səfər çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci, əslində yubiley Konfransı da keçirilib. Spiker qeyd edib ki, tədbirdə 34 ölkədən 43 nümayəndə heyəti, 9 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən 205 nəfər nümayəndə iştirak etdi.

Milli Məclisin sədri deyib ki, o, Konfransa sədrlik edib və tədbirin açılışında çıxış edib. O, bildirib ki, çıxışında bir sıra məsələlərə toxunub, Parlament Şəbəkəsinin qısa müddət ərzində keçdiyi böyük inkişaf yoluna nəzər salıb, Azərbaycanın sədrliyi ilə görülən işlərdən danışıb.

Spiker deyib ki, çıxışında konfransın əsas mövzusuna uyğun olaraq ölkəmizin ev sahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında məlumat verib. Həmçinin beynəlxalq aləmdə mövcud olan vəziyyət, bu gün bəşəriyyətin qarşısında dayanan çağırışlar və digər məsələlərə toxunub.

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci Konfransında mühüm bir qərar qəbul olundu. Bu, Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi barədə qərar idi. Spiker diqqətə çatdırıb ki, bu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xarici siyasət konsepsiyasına uyğun olaraq parlament diplomatiyamızın çox böyük bir uğurudur.

Eyni zamanda, həmin qərar Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addımdır.

Milli Məclisin sədri deyib ki, İstanbula işgüzar səfər çərçivəsində 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirib.

Bildirilib ki, Parlamentlərarası İttifaqın Prezidenti və Baş katibi, həmçinin Belçika, Gürcüstan, Rusiya, Özbəkistan, Ermənistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Əlcəzair, Mərakeş, Dominikan parlamentlərinin sədrləri ilə görüşlərdə parlament əməkdaşlığının gücləndirilməsi yolları nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi. Azərbaycan Respublikasının Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu da imzalandı.

Milli Məclisin sədri çıxışına yekun vuraraq deyib ki, İstanbul şəhərinə işgüzar səfər uğurlu oldu və nümayəndə heyətinin hər bir üzvünə öz minnətdarlığını bildirib.

Sonra iclasda gündəmdə olan bir sıra məsələlər ətrafında aparılan müzakirələr zamanı Milli Məclisin deputatları Tural Gəncəliyev, Zaur Şükürov, Elçin Mirzəbəyli, Hikmət Məmmədov, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Vüqar Bayramov, Azay Quliyev, Elman Nəsirov, Erkin Qədirli çıxış edərək öz fikirlərini bölüşüblər.

Millət vəkilləri Belçika və Niderlandın Nümayəndələr Palatalarının 2026-cı il aprelin 16-da Azərbaycana qarşı qəbul etdikləri qərəzli, qeyri-obyektiv və reallıqdan uzaq olan, ikili standartları nümayiş etdirən qətnamələri qətiyyətlə pislədiklərini söyləyiblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Milli Məclisi bu məsələyə öz münasibətini bildirərək, ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınadığını və onları qətiyyətlə rədd etdiyini vurğulayıb.

Çıxışlarda bildirilib ki, Belçika və Niderland parlamentlərində qəbul edilmiş qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə ciddi şəkildə xələl gətirən, ölkəmizə qarşı yönəlmiş qərəzli, ədalətsiz sənədlərdir. Nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənməyən bu qətnamələr siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, siyasi aqressiyanın növbəti təzahürüdür.

Həmçinin qeyd olunub ki, həmin qətnamələrdə regionda müşahidə olunan müsbət proseslər, o cümlədən Azərbaycan tərəfindən atılan humanist addımlar, Ermənistana qarşı məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycandan keçməklə bu ölkəyə göndərilən humanitar yardımlar, bizim Ermənistana göndərdiyimiz neft məhsulları barədə heç bir məlumatın verilməməsi ölkəmizə qarşı olan qərəzli münasibətin daha bir göstəricisidir.

Müzakirələr zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin irəli sürdüyü təşəbbüslər nəticəsində regionda yeni reallıqların yarandığı, sabitliyin qorunduğu, sülh sazişi istiqamətində ardıcıl addımların atıldığı bildirilib. Bunları nəzərə alaraq, kənardan edilən əsassız və qərəzli müdaxilələrin destruktiv məqsədlərə xidmət etdiyi söylənilib. Deputatlar bugünlərdə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin iştirakının, söylədiyi fikirlərin xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıblar. Bu tədbirin regional və qlobal məsələlərin müzakirəsində önəmli rol oynayan bir platforma olduğunu qeyd ediblər.

Deputatlar Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyəyə səfərini, səfər çərçivəsində görülən işləri, keçirilən görüşləri yüksək qiymətləndiriblər. Bu səfərin uğurlu və məhsuldar olduğunu qeyd edərək, ölkə Prezidenti tərəfindən müəyyənləşdirilən strategiyaya uyğun olaraq parlament diplomatiyasının inkişaf etdiyini və ölkənin inkişafına töhfə verdiyini söyləyiblər. Azərbaycan Prezidentinin sülh quruculuğu siyasətində parlamentin fəal iştirak etdiyini vurğulayıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib. O, gündəliyin birinci məsələsinin Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın olduğunu bildirib. Spiker qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi ölkəmizdə maliyyə nəzarəti sisteminin mühüm tərkib hissəsini təşkil edir. Hesabatda öz əksini tapan rəy və mülahizələr büdcə siyasətinin formalaşdırılması və dəqiqləşdirilməsi ilə bağlı səmərəli qərarların qəbuluna, maliyyə intizamının möhkəmləndirilməsinə kömək göstərir.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Palata sədri Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Hesabatın təqdim edilməsi ilə bağlı tələblərin Lima Bəyannaməsində, eyni zamanda “Hesablama Palatası haqqında” Qanunda və Milli Məclisin Daxili Nizamnaməsində təsbit edildiyini söyləyib. O, Palatanın qanunla müəyyən edilmiş 23 vəzifəsi barədə məlumatın Hesabatda dolğun şəkildə şərh olunduğunu qeyd edərək, 4 istiqamətdə görülmüş işlər barədə söhbət açıb.

Vüqar Gülməmmədov son ili 2025-ci ilə təsadüf edən Strateji Planın 5 illik icrasına dair əsas göstəricilərin Hesabata daxil edildiyini deyərək, məqsədin son 5 ildə ölkənin iqtisadi inkişafı və vətəndaşların rifah səviyyəsi üçün əhəmiyyətli hesab olunan sahələrdə keçirilən dövlət auditinin hesabatlılığını təmin etmək olduğunu söyləyib. O, qeyd edib ki, 2021-2025-ci illər üzrə Strateji Planın icrası beynəlxalq təcrübəyə uyğun olaraq illik Əməliyyat Planları vasitəsilə həyata keçirilib, bu illər ərzində 5 Əməliyyat Planı tərtib edilib. Bildirilib ki, Strateji Planın qüvvədə olduğu əksər illər üzrə Əməliyyat Planlarının icrası təxminən 90%-dən, Monitorinq Çərçivəsinin göstəricilərinin ümumi icrası 80%-dən çox olub. Müvafiq istiqamətə ayrılmış büdcənin icra səviyyəsi isə 80%-dən bir qədər çox olub. Strateji Planda müəyyən edilmiş 2 yekun və 9 aralıq nəticə üzrə əhəmiyyətli irəliləyiş əldə edilib, hədəflərin əksəriyyətinə nail olunub.

Sonra Palata sədri Hesabat ilində görülmüş işləri və onların nəticəliliyi barədə məlumatları kənar dövlət maliyyə nəzarəti aspektindən təqdim edib. Nəzərə çatdırılıb ki, 2025-ci ildə audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunub, bunlardan 1-nin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. Audit portfelinin 47,9%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Qeyd olunub ki, auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil edib. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 mlrd. manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 mln. manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 mln. manat dövlət auditi ilə əhatə edilib. 2025-ci ilin İş Planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, COP29, mediada işıqlandırılan məlumatlar, Palatanın rəsmi internet səhifəsindəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılıb. Bununla yanaşı, auditlərdə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə, müxtəlif sahələr üzrə aktual mövzulara, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə münasibət bildirilib. Qeyd olunub ki, hesabat dövründə 3 audit məxfilik rejimində keçirilib.

Palata sədri bildirib ki, 2025-ci ilin İş Planına əsasən, 43 audit keçirilib. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Bu nəzarət tədbirləri ilə aşkarlanmış nöqsanların təsnifatı Hesabatda ətraflı təsvir edilib, təsnifləşdirmə uyğunluq, maliyyə və səmərəlilik aspektindən həyata keçirilib. Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib.

Büdcə qanunvericiliyi üzrə nöqsanlara dair bildirilib ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb. Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bu halların 2025-ci ildən başlayaraq nisbətən azaldığını müşahidə etməyə imkan verir.

Qeyd olunub ki, 2025-ci ilin İş Planı üzrə 32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Təqdim edilmiş məlumata əsasən, 2025-ci ildə 10,8 mlrd. manat məbləğində 19 min satınalma həyata keçirilib. Ümumilikdə, 2025-ci ilin auditləri müxtəlif illər ilə 3560 satınalmanı və 3,8 mlrd. manatı əhatə edib. Bildirilib ki, 2024-cü il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” yeni Qanunun qüvvəyə minməsi bu sahədə dövlət siyasətini həyata keçirən qurumun cari nəzarətinin formalaşmasına səbəb olub. Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatlar həyata keçirilib, satınalma mədəniyyəti formalaşmağa başlayıb. Həmçinin, elektron satınalmaların həcmində də əhəmiyyətli dəyişikliklərin olduğu söylənilib. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında Dövlət satınalmalarının vahid internet portalının (portal) əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tədbir nəzərdə tutulmuş və portal vasitəsilə keçirilən satınalmaların ümumi dövlət satınalmalarında xüsusi çəkisinin 50%-ə çatması hədəflənib.

Vüqar Gülməmmədov qeyd edib ki, yüksək xüsusi çəki ilə fərqlənən digər nöqsan qrupu əsaslı xərclərdir. Bu sahə ilə bağlı nöqsanlara 15 nəzarət tədbirində rast gəlinib. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditi həyata keçirilib. Palata sədri deyib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sına uyğun olaraq dövlət investisiya layihələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə yeni Qaydanın qəbul edilməsi, dövlət investisiya layihələrinin icrasına monitorinq sisteminin yaradılması və cari ildən tətbiqi dövlət investisiyalarının səmərəliliyinin artmasına səbəb olacaq.

Hesabatda pozuntuların məbləğ ifadəsində əsas göstəricilərinin də əks olunduğunu deyən Palata sədri, nəzərə çatdırıb ki, 2025-ci ilin İş Planı çərçivəsində KDMN tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb. Bu məbləğin 37,6%-i və ya 584,8 mln. manatı uyğunsuzluq məbləğidir. Ümumi nöqsanın 40,3%-i və ya 626,3 mln. manatı maliyyə təhriflərindən ibarətdir. 22,1%-i və ya 342,9 mln. manatı isə səmərəsiz xərclərdən ibarət olub.

Eyni zamanda, qeyd olunub ki, hesabat dövründə keçirilmiş auditlərdə bir neçə dövlət proqramının icrası vəziyyəti ilə bağlı məqamlara da baxılıb. Müəyyən edilib ki, bir sıra dövlət qurumları öz əsasnamələri ilə müəyyən edilən vəzifələri dövlət proqramının tədbirlər planına daxil edib, tədbirlər müəyyən edilən zaman çərçivəsində və ya ümumiyyətlə icra edilməyib, bəzi hallarda isə aşağı keyfiyyətlə icra edilib, proqramın icrasında gecikmələrə yol verilib.

Bildirilib ki, başa çatdırılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanlar və onların yayılma dərəcəsindən asılı olaraq, verilmiş rəylər üç növdə olub. Rəylərin 76%-ni müsbət və şərti müsbət rəylər təşkil edib. Hesablama Palatası, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması üçün birbaşa audit obyektinə tövsiyələr təqdim edir.

Nəzərə çatdırılıb ki, 2025-ci ilin İş Planı çərçivəsində nəzarət tədbirlərinin yekunlaşması ilə bağlı 47 kollegiya qərarı qəbul edilib, 303 tədbir müəyyən olunub. Aparılan təhlillər 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 75,0%-də Hesablama Palatasının əvvəlki təklif və tövsiyələrinin nəzərə alınması ilə müvafiq obyektlərin maliyyə fəaliyyətlərində intizamın nisbətən gücləndiyini, nöqsanların növlərinin və saylarının, eləcə də onların maliyyə yükünün davamlı şəkildə azaldığını, dövlət vəsaitlərinə qənaət edilməsi hallarının artdığını göstərir.

Sonra Hesablama Palatasının sədri dövlət maliyyəsinin idarəedilməsində, o cümlədən büdcə prosesində iştirakla bağlı görülən işlərdən danışıb. O, deyib ki, 2025-ci ildə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Rəylərin tərtibi zamanı yerli qanunvericilik, beynəlxalq standartlar, nüfuzlu fiskal diaqnostika alətlərinin tələbləri diqqətdə saxlanılıb, dövlət maliyyəsi üçün risklər və uyğunsuzluqlar göstərilməklə onların aradan qaldırılması yollarını ehtiva edən tövsiyələr yer alıb.

Palata sədri öz çıxışında rəqəmsal audit sistemi barədə, habelə 2026-2030-cu illəri əhatə edən Strateji Plana uyğun olaraq 2026-cı il üçün müəyyənləşdirilən əsas vəzifələr haqqında da məlumatları təqdim edib. O, Hesablama Palatasının ölkə Prezidentinin tapşırıqlarını rəhbər tutaraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin tam və effektiv icrası istiqamətində səylərini davam etdirəcəyini söyləyib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə komitənin rəyini açıqlayaraq, sənədin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə, beynəlxalq audit standartlarına və prinsplərinə uyğun olaraq Milli Məclisə təqdim edildiyini deyib.

Komitə sədri vurğulayıb ki, büdcə şəffaflığı və hesabatlılığı, dövlət maliyyəsinin idarə edilməsi sahəsində institusional islahatların yeni çağırışlara uyğun olaraq aparılması büdcə nəzarəti sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətidir. Ali maliyyə nəzarəti orqanı olaraq Hesablama Palatasının fəaliyyəti də məhz bu siyasətin reallaşdırılmasına xidmət edir. Qeyd olunub ki, Hesablama Palatası qanunverici orqana hesabat verən kənar dövlət maliyyə nəzarəti qurumu olmaqla, parlamentarizmin ayrılmaz tərkib hissəsidir.

Bildirilib ki, Milli Məclis dövlət büdcəsi layihələrinə baxarkən Palatanın rəy və tövsiyələrini nəzərə alır. Parlamentin büdcə nəzarəti sahəsində mandatının tam həyata keçirilməsi Palatanın fəaliyyətindən, Palatanın effektiv maliyyə nəzarəti isə Milli Məclisin büdcə nəzarəti üzrə mandatının reallaşdırılmasından asılıdır. Hesabatda Palatanın fəaliyyət nəticələri ilə yanaşı, büdcə vəsaitlərindən istifadə, dövlət satınalmalarının və dövlət investisiya proqramlarının həyata keçirilməsi sahəsində mövcud vəziyyətin əks olunduğu söylənilib. Qeyd olunub ki, parlamentdə mart ayında Nazirlər Kabinetinin ötən ildəki fəaliyyətinə dair hesabat dinlənilib, növbəti ayda isə 2025-cü ilin dövlət büdcəsinin icrası müzakirə olunacaq. Beləliklə, hər üç hesabat arasında sıx əlaqə var və onlar bir-birini tamamlayaraq dövlət maliyyəsinə sistemli nəzarət etmək üçün imkan yaradır.

Azər Əmiraslanov qeyd edib ki, Hesabatın təhlilinə əsasən, Palata 2025-ci ildə qanunvericiliklə müəyyən edilmiş funksiyalarını yerinə yetirmiş, audit əhatəsini genişləndirmiş və büdcə prosesində institusional rolunu qoruyub saxlamışdır.

Habelə, bildirilib ki, rəqəmsal audit, data analitikası və süni intellektdən istifadə bir tərəfdən Palatanın qarşısında dayanan əsas çağırışlardan biri kimi çıxış edir, digər tərəfdən də auditin keyfiyyətini artırmaq üçün müstəsna imkanlar yaradır. Palatanın tövsiyələrinin icra edilməsi büdcə nəzarətinin Parlament və Hökumətlə birgə əməkdaşlıq formatında həyata keçirməsini, bu formatın funksionallığının və praktik təsirinin daha artırılmasını şərtləndirir.

Azər Əmiraslanov vurğulayıb ki, Hesablama Palatasının 2025-ci ildəki fəaliyyəti dövlət maliyyə nəzarətinin gücləndirilməsinə, büdcə prosesində şəffaflığın və hesabatlılığın artırılmasına, eləcə də dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə mühüm töhfə verir. O, bildirilib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi təqdim edilən hesabatla bağlı müsbət rəyini ifadə etməklə, onun Milli Məclis tərəfindən nəzərə alınmasını məqsədəuyğun hesab edir.

Hesabatla bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədri Zahid Oruc, Siyavuş Novruzov, Hicran Hüseynova, Sadiq Qurbanov, deputatlar Vüqar Bayramov, Razi Nurullayev, Əli Məsimli, Bəhruz Məhərrəmov, Pərvanə Vəliyeva, Rövşən Muradov, Müşfiq Cəfərov, Aydın Hüseynov, Qüdrət Həsənquliyev öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına rəylərin verilməsi ilə bağlı görülən işlərə toxunub, Palatanın auditin strateji tərəfdaşlıq və dəyəryaratma komponentlərini özündə birləşdirən müasir modelinə doğru irəlilədiyini deyib. O, qarşıdakı dövr üçün qəbul edilmiş 2026-2030-cu illəri əhatə edən Strateji Planın əsas qayəsinin dövlət auditində daha çox yüksək texnologiyalardan istifadə edilməsi olduğunu söyləyib.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova profil komitənin Hesablama Palatasının hesabatına müsbət rəy verdiyini bildirib.

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bu qanun layihəsi barədə məlumat verib.

O, bildirib ki, layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsindən ibarətdir.

Deputat Vüqar Bayramov məsələ barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, layihədə süni intellekt texnologiyalarından sui-istifadənin qarşısının alınması və ondan etik çərçivədə istifadənin təmin edilməsi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. O, layihənin komitələrin birgə iclasında müzakirə olunduğunu, həm komitədə, həm də plenar iclasda məsələ ilə bağlı deputatların səsləndirdiyi fikirlərin işçi qrupu tərəfindən dinlənildiyini söyləyib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edərək, təklif olunan dəyişikliklərin vətəndaşların hüquq və mənafelərinin qorunmasına xidmət etdiyini bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.

Komitə sədri layihədə təklif olunan dəyişikliklərin bir hissəsinin süni intellektdən etik çərçivə və məsuliyyətlə istifadə edilməsi ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, dəyişikliyə əsasən, süni intellekt vasitəsilə hazırlanan və kütləvi nümayiş etdirilən materialların nişanlanmadan yayılmasına, paylaşılmasına görə inzibati məsuliyyət tətbiq olunacaq. O, digər dəyişikliklərdə “Uşaq hüquqları haqqında” Qanunun tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq tənzimləmələrin aparılmasının nəzərdə tutulduğunu deyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və qanunvericiliyin tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. Bildirilib ki, təqdim olunan sənəddə qanunvericiliyin tələblərinə və normayaratma texnikasının qaydalarına uyğun olaraq "Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlarda bəzi ifadələrin dəqiqləşdirilməsi, müvafiq normaların uyğunlaşdırılması və bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Spiker gündəliyin altıncı məsələsi olan Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Bu məqsədlə Əmək Məcəlləsinin 4 maddəsinə 6 dəyişiklik təklif olunur. Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinə 5-2 və 5-3 yarımbəndləri əlavə edilir. Yeni müddəalara görə, şəxs narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy təqdim etməlidir.

Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinə əlavə olunan “g” və “ğ” yarımbəndləri ilə əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayaraq xitam verilməsinin əsasları genişləndirilib. Yeni əlavələrə əsasən, müəyyən peşə və vəzifələr üzrə qanunvericiliklə nəzərdə tutulmuş sağlamlıq tələblərinə cavab verməyən şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilə bilər.

Bundan başqa, Əmək Məcəlləsinin 226-cı maddəsinə təklif olunan 1-1 yarımbəndinə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilən şəxslərin tibbi nəzarət mexanizmi təkmilləşdirilir.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinə də təklif olunan dəyişikliklə narkoloji nəzarət tədbirləri daha da gücləndirilir.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib. Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərlə bağlı məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur.

Həmçinin, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada təqdim olunur və təxribat cinayətinə görə məsuliyyətin əhatə dairəsi genişləndirilir. Dəyişikliklə təxribat anlayışı müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılır. Belə ki, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinə, enerji və nəqliyyat infrastrukturuna, telekommunikasiya şəbəkələrinə qarşı yönəlmiş hərəkətlər də təxribat əməli kimi müəyyən edilir. Bununla yanaşı, ilk dəfə olaraq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə həyata keçirilən dağıdıcı fəaliyyətlər də təxribat cinayətinin tərkibinə daxil edilir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, layihədə təklif edilən dəyişikliklər minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin övladlarına ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil istisna olmaqla) təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini və onların ailə üzvlərinə vergi güzəştinin tətbiqini nəzərdə tutur.

Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov layihə barədə komitələrinin rəylərini bildiriblər.

Məsələnin müzakirəsində komitə sədri Siyavuş Novruzov çıxış edib, qeyd və təklifini səsləndirib.

Komitə sədri Arzu Nağıyev səslənən fikirlərə münasibət bildirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş