Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Dəhliz kimi strateji layihələr Azərbaycanın qlobal iqtisadiyyata verdiyi töhfənin bariz nümunəsidir

Orta Dəhliz kimi strateji layihələr Azərbaycanın qlobal iqtisadiyyata verdiyi töhfənin bariz nümunəsidir


Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında Prezident İlham Əliyevin iştirakçılara etdiyi müraciət müasir qlobal dünyanın üzləşdiyi dağıdıcı münaqişələri aydın şəkildə təhlil edərək, Azərbaycanın hər zaman sülhə, mehriban qonşuluğa və qlobal iqtisadi əməkdaşlığa verdiyi töhfənin əhəmiyyətini vurğuladı.

Newscenter.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

Deputat bildirib ki, Azərbaycanın 30 il ərzində işğala məruz qaldığı dövrdə belə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiq qalıb. Ölkəmiz öz torpaqlarını işğaldan azad edib, regional inkişaf layihələrini uğurla həyata keçirir və bölgədə sülhün təşəbbüskarlarından biri kimi çıxış edir.

Hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üçün imkanlar yaradılır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri isə etimadın möhkəmlənməsinə töhfə verir.

“Azərbaycan, həmçinin BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərini milli inkişaf strategiyasına inteqrasiya edərək yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində mühüm nailiyyətlər əldə edib. “Heç kəsi diqqətdən kənarda qoymamaq” prinsipi ölkənin inkişaf siyasətinin əsas istiqamətlərindən biridir.

Eyni zamanda, Azərbaycan beynəlxalq dialoqu təşviq edir və münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərini genişləndirir. Xüsusilə türk dövlətləri çərçivəsində əməkdaşlıq və Orta Dəhliz kimi strateji layihələr Azərbaycanın qlobal iqtisadiyyata verdiyi töhfənin bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, mövcud qlobal çağırışların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir”, - deyə İ.Məmmədov əlavə edib.
Xəbəri paylaş