
2026-cı ilin 25 aprel tarixi Azərbaycan və Ukrayna münasibətlərində yeni bir səhifənin açılışı kimi tarixə düşdü. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Qəbələ şəhərində keçirilən ali səviyyəli görüşlər, iki ölkə arasındakı strateji tərəfdaşlığın sadəcə sözdə deyil, real və konkret layihələrdə öz əksini tapdığını bir daha sübut etdi.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Allahverdi Piriyev deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ukraynalı həmkarı ilə mətbuata verdiyi bəyanatda ən diqqətçəkən, lakin eyni zamanda ən az detal açıqlanan hissəsi hərbi-texniki əməkdaşlıqdır. Onun sözlərinə görə, "Birgə istehsalla bağlı çox gözəl imkanlar" ifadəsi ciddi açılımdır:
"Ukrayna son illərdə dronlar, zirehli texnika, raket proqramları sahəsində döyüş şəraitində sınaqdan çıxmış böyük təcrübə qazanıb. Azərbaycan isə həm sovet standartlarına uyğun texnikanın modernizasiyası, həm də müasir Türkiyə və İsrail sistemləri üzrə istehsalat bazasına malikdir. Bu iki ekosistemin birləşməsi birgə dron istehsalı, zirehli texnikanın modernizasiyası, hətta kiçik həcmli elektronika və mühərrik komponentlərinin mübadiləsini vəd edir. Bəyanatın tonu göstərir ki, hərbi-texniki əməkdaşlıq gələcək ikitərəfli gündəliyin əsas sütunlarından birinə çevriləcək".
Anar












































