
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi mühüm siyasi hadisədir. Bu mükafat həm də Cənubi Qafqazda sülh təşəbbüslərinə verilən qiymətdir. Xatırlatmaq yerinə düşər ki, sözügedən mükafat eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyana da verilib. Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazda sülhyaratma fəaliyyəti, ortaya qoyduqları siyasi iradə beynəlxalq dəstək alır, nəinki regional, hətta qlobal səviyyədə belə dəstək görür”.
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” Gernika şəhərinin tarixi faciəsini yad etmək və sülh təşəbbüslərinə töhfə verən şəxsləri tanıtmaq məqsədi ilə təsis olunub:
“Bu mənada Azərbaycan liderinin bu mükafata layiq görülməsi təbiidir. Azərbaycan Prezidenti istər Qarabağ münaqişəsinin mövcud olduğu dönəmdə, istərsə də münaqişə başa çatdıqdan sonra dövrdə hər zaman sülh təşəbbüsləri ilə çıxış edib, Cənubi Qafqaza davamlı, qalıcı sulun gəlməsi, din yanaşı yaşamaq prinsipinin bərqərar olması istiqamətində davamlı fəaliyyət göstərib. Bu gün də Azərbaycan Lideri eyni prinsiplərə sadiqliyini nümayiş etdirərək Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində davamlı səylər göstərir. Təbii ki, bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənilir və təqdir olunur. Nəticə etibarilə dövlət başçısı bu kimi yüksək mükafatlara layiq görülür”.
Arzuman Muradlı xatırladıb ki, Cənab İlham Əliyev bir müddət əvvəl də “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüşdü:
“Azərbaycan Liderinin belə yüksək mükafatlara layiq görülməsini şərtləndirən başlıca məqamlardan biri də ondan ibarətdir ki, Cənab İlham Əliyevin sülh təşəbbüsləri yalnız sözdə özünü göstərimir. Bu təşəbbüslər əməldə də aydın şəkildə görünür. Azərbaycan rəhbərliyinin siyasi iradəsi ilə Ermənistana yanacağın çatdırılması, eyni zamanda Rusiyadan Ermənistana göndərilən yüklərin ölkəmizin tranzit imkanlarından istifadə edilməklə təhlükəsiz şəkildə bu ölkəyə çatdırılması, bütün bunlar da öz növbəsində sülhə doğru atılmış qətiyyətli addımlardandır”.
Süleyman











































