
"Sovetlərin zamanında ittifaq daxilində olduğu kimi, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Latviya arasında münasibətlər davam etmiş, diplomatik əlaqələr qurulmuş və bu qarşılıqlı faydalı əməkdaşlıq əsasında Bakı ilə Riqa arasında əlaqələr dostluq və tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Yüksək səviyyəli ikitərəfli əməkdaşlığın bariz nümunəsi olaraq bu gün Azərbaycan və Latviya beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər qurumlar daxilində əməkdaşlıq edir, bir-birinin mövqeyinə hörmətlə yanaşır. Əlaqələrin belə yüksək səviyyədə inkişafına heç şübhəsiz ki, həyata keçirilən qarşılıqlı səfərlər də müsbət təsir göstərir. Bu mənada Latviya prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri də mühüm əhəmiyyət kəsb edir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Latviya prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Latviya, Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin genişlənməsində körpü rolunu oynayır və bu baxımdan Riqa ilə əməkdaşlıq Bakının da maraqlarına uyğundur:
"Səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycanla Latviya arasında münasibətlərin inkişafında yeni mərhələ başlayacaq. Xüsusilə, iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin genişləndiriləcəyi şübhəsizdir. Latviyalı investorların Azərbaycana marağının artması iqtisadi sahədə əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək".
Arzuman Muradlı deyib ki, Bakı ilə Riqa arasında enerji sahəsində əməkdaşlığın da perspektivləri var. Onun sözlərinə görə, bu gün Avropa İttifaqının 10 ölkəsinə qaz tədarük edən Azərbaycanın qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı Riqaya da məlumdur və Latviya bu aspektdən Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir. Plitoloq onu da diqqətə çatdırıb ki, tərəflərin nəqliyyat və logistika sahəsində əlaqələrini inkişaf etdirmək üçün də geniş imkanları var:
"Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxarılması məsələsində Latviya limanlarının potensialında istifadə etmək mümkündür. Eyni zamanda kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində də əməkdaşlıq imkanları genişdir. İki ölkə arasında humanitar sahədə münasibətlər də müsbət dinamika ilə inkişaf edir".
Politoloq bütün bunları ümumiləşdirərək qeyd edib ki, Latviya prezidentinin Azərbaycana səfəri iki ölkə arasında siyasi etimadı daha da gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Süleyman











































