Xalqımızın ədəbiyyat tarixi də qədim və çox zəngindir. Ədəbiyyat illər sonra yarandığı dövrün tarixi olur. Ədəbi nümunəni oxuyursan, aşıladığı mətləbləri yazıldığı dövrün ideoloji səviyyəsi bilirsən. “Kitabi-Dədə Qorqud” xalqımızın düşüncələr sistemi kimi oxunur, yaşadılır. İzzəddin Həsənoğlunun yazdığı ilk anadilli qəzəl (“Apardı könlümü...”) yazılı ədəbiyyat tariximizin ilkidi, Dan ulduzudu, şübhəsiz.
Yüz illərlə yaradılan ədəbiyyatımız da sevilir, o ədəbiyyatı yaradanlar da.
Abbas Səhhət 1874-cü il iyulun 11-də Şamaxıda doğulmuşdu. 1900-cü ildə Tehran universitetinin tibb fakültəsini bitirmişdi. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1901-ci ildə Şamaxıya qayıtmışdı. Həkim idi, həm də məktəblərdə müəllimlik edirdi, Azərbaycan dili dərsini tədris edirdi. Həkimliyi də, müəllimliyi də cəmiyyət üçün son dərəcədə gərəkli idi.
Yeni üslublu məktəblər ideyasının təbliğatçılarından biri kimi tanınan Abbas Səhhət yaradıcılıqla da məşğul olurdu, məqalələr, şeirlər yazırdı, Lermontovun, Puşkinin, Maksim Qorkinin, Viktor Hüqonun əsərlərini dilimizə tərcümə edirdi.
“Sınıq saz”, “Qərb günəşi”, “ Əhmədin şücaəti”, “Şair, muza və şəhərli” kitabları nəşr olunub.
Abbas Səhhətin “Vətənimdir, vətənimdir, vətənim” şeiri istər yazıldığı dövrdə, istərsə də o vaxtdan bəri vətənpərvərlik məfkurəsinin ən gözəl nümunələrindən biri kimi sevilir.
Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edib.
Neçə on illərdi məktəblilər Vətənin nə olduğunu Abbas Səhhətin “Vətənimdir, vətənimdir, vətənim” şeirindən də öyrənirlər. Bu şeiri də sevirik, bu şeirin müəllifini də unutmuruq...
Səbinə XASAYEVA, VI çağırış Milli Məclisin deputatı