"Bu gün həm media mənsubları üçün, həm də bütövvlükdə xalqımız üçün olduqca önəmli gündür, Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Mətbuat hər bir ölkənin zirehli sipəri, hər bir xalqın ən güclü silahı sayılır. Əsası Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulan 149 yaşlı çağdaş Azərbaycan mətbuatı da bizim milli, strateji gücümüz hesab olunur. Düzdür, “Əkinçi”nin ömrü çox qısa olub, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb. Çar Rusiyası bu qəzetin azərbaycanlıların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladığına görə qəzetin nəşrini dərhal dayandırıb. Lakin müqəddəs bir missiyanı - maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” özündən sonrakı milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. “Əkinçi” sözün həqiqi mənasında əkinçi rolunu üstlənib, öz qısa fəaliyyəti ilə milli mətbuatımızın gələcək inkişaf toxumlarını səpib. Bu mənada 22 iyul təqvim gününün Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunması heç də təsadüfi deyil".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, “Əkinçi” o zaman müstəmləkə vəziyyətində yaşayan xalqımızın dərdlərinə çarə tapmaq, onun inkişafına yardımçı olmaq üçün səy göstərib və hər daim xalqımızın xidmətində dayanıb:
"Bu, milli mətbuatımız üçün çox uğurlu başlanğıc idi. Belə ki, Azərbaycan mətbuatı yarandığı ilk gündən hər zaman xalqın yanında olub. Cümhuriyyət dönəmində də milli mətbuatımız xüsusi fəallıq göstərib, milli özünüdərkin güclənməsində və istiqlal məfkurəsinin formalaşmasında həqiqətən də böyük xidmətlər göstərib. Ötən əsrin sonlarında dövlət müstəqilliyimizin qazanılmasından sonra Azərbaycan mediası milli dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin avqustunda KİV üzərində dövlət senzurasını ləğv etməsi isə müasir mətbuatımızın tarixində ən önəmli hadisələrdən biri sayılır.
Azərbaycan mediası 44 günlük İkinci Qarabağ müharibəsində də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi, bizim haqq savaşımızla bağlı məlumatların dünyaya operativ və təhrifsiz çatdırılmasında misilsiz xidmətlər göstərdi, informasiya müharibəsindən qalib çıxdı, Azərbaycanın tarixi Zəfərinin müjdəçisi oldu. Həmin günlərdə rəşadətli Silahlı Qüvvələrimizə uğurlu sərkərdəliyi Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həyata keçirdiyi kimi, düşmən təbliğatına qarşı informasiya mübarizəsinə də Cənab Prezident məhz özü rəhbərlik edirdi. Belə ki, Vətən müharibəsi dövründə İlham Əliyevin 30-dan çox beynəlxalq media qurumlarına verdiyi geniş müsahibələri müharibə həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında və Ermənistanın dezinformasiya siyasətinin neytrallaşdırılmasında əvəzolunmaz rol oynadı".
Əlisahib Hüseynov diqqətə çatdırıb ki, postmüharibə dönəmində də milli mediamız həm işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq-bərpa işləri barədə, həm də rəsmi Bakının sülh səyləri ilə bağlı reallıqların ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəallıq göstərir:
"Heç şübhəsiz ki, bu gün mətbuatımızın qarşısında dayanan əsas vəzifə "Əkinçi" kimi maarifçilik işi aparmaq və cəmiyyəti baş vermiş hadisələrlə bağlı sadəcə məlumatlandırmaq deyil. Bu gün milli mətbuatımız ilk növbədə dünyada gedən amansız geosiyasi mübarizələr fonunda Azərbaycana qarşı qlobal müstəvidə aparılan yalan və dezinformasiya siyasəti ilə mübarizənin önündə dayanır.
Qalib Azərbaycan gücləndikcə bədxahlarımızın da sayı çoxalır, ölkəmizə qarşı fasiləsiz olaraq yalan, böhtan, feyk-xəbər hücumları təşkil olunur. Tariximizdən tutmuş COP29-la bağlı fəaliyyətimizə qədər, hər şey qəsdən təhrif olunur, saxtalaşdırılır, qərəzli formada təqdim edilir. Bütün bunlar təbii ki, anti-Azərbaycan qüvvələrin ənənəvi metodlarıdır. Ona görə də fədakar jurnalistlərimiz 44 günlük müharibədən sonra yeni quruculuq və inkişaf dövrünə qədəm qoyan Azərbaycanın ideoloji müharibə cəbhəsinin, informasiya savaşının əsgərləri sayılırlar".
Komitə sədri onu da deyib ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu da anti-Azərbaycan qüvvələrin informasiya hücumlarına və təxribatlarına qarşı əks hücum kimi dəyərləndirilməlidir:
"Forumda çıxış edən və xarici jurnalistlərin, ekspertlərin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə onlarla xarici KİV-ə verdiyi geniş müsahibələrində olduğu kimi bu gün də informasiya cəbhəsində jurnalistlərimizin yanında olduğunu göstərdi. Dövlətimizin başçısı regionda və dünyada baş verən geosiyasi proseslərin mahiyyətini açıqladı, Azərbaycana qarşı dezinformasiyaları alt-üst edərək həqiqətləri dünyaya çatdırdı.
Beləliklə, biz bu gün həqiqətləri dünyaya yaymaq uğrunda mübarizəmizin həlledici mərhələsinə daxil olmuşuq. Azərbaycan uzun illər dezinformasiyadan əziyyət çəkən ölkələrdən biridir və hazırda bu mənfi tendensiyaya qarşı mübarizə olduqca labüddür. Milli mətbuatımızın bu mübarizənin qalibi olacağına inanırıq. Londondakı mətbuat konfransında Azərbaycan jurnalistlərinin Fransanın ermənipərəst prezidenti Emmanuel Makronu sərrast və məntiqli sualları ilə çıxılmaz vəziyyətə salması da bu inamımızı daha da möhkəmləndirir. Odur ki, fürsətdən istifadə edib milli maraqlarımızın qorunmasında fəallıq göstərən fədakar jurnalistlərimizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Peşə bayramınız mübarək olsun!".
Süleyman