Yeni epidemiya kimi yayılma təhlükəsindən danışılan meymunçiçəyi virusuna artıq Avropada da rast gəlindi. Vəziyyətin getdikcə pisləşəcəyi və yenidən qapanmalara gediləcəyi də istisna edilmir. Bəs görəsən, meymunçiçəyi virusu insanlara necə keçir?
Newscenter.az tibb elm adamlarının araşdırmalarına istinadən bildirir ki, meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Anar Əliyev