
"Zəngəzur dəhlizinin reallaşmasına mane olan İran, nəinki Ermənistana bu addımı atmağa imkan vermir, hətta üçtərəfli sazişi imzalayanlardan biri olan Rusiyaya belə prosesdə yer almaması üçün təhdid edir. Əslində İranın, sərhədlərdə hər hansı bir geosiyasi baxımdan dəyişikliyi qəbul etməməsi, zəif arqument hesab edilə bilər. Çünki, İranın dərdi tamamilə başqadır və bu səbəbdən İran, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin bölgədə mövqeyinin daha da möhkəmlənməsindən narahatdır, desək yanılmarıq".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşması nəticəsində İran Ermənistan ilə ümumi sərhəddən məhrum olunmasına imkan vermək istəmir:
"Bu da səbəb olaraq İran tərəfini narahat edir. Əslində nəinki İran, həmçinin qeyri regional oyunçu ölkələrin də marağında Zəngəzur dəhlizinin reallaşmasına imkan verməmək kimi planların həyata keçirilməsini zaman -zaman görürük. Bunların fonunda Qərbin Rusiyanın tranzit dəhlizlərinə tətbiq etdiyi sanksiyalardan qaynaqlanan, Rusiyanın Zəngəzur dəhlizinin reallaşmasına hər kəsdən çox təşəbbüs göstərməsi və dəhlizin reallaşması nəticəsində Rusiyanın Yaxın Şərqə çıxışının təmin olunması, Rusiya üçün bu dəhlizi nəfəslik hesab etmək olar, qənaətindəyəm. İranın məhz Zəngəzur dəhlizinin reallaşmasına dair Rusiyaya qarşı çıxması blefdir və hesab edirəm ki, Rusiya İranı bu məsələdə ikna edəcək. Çünki İranın daha çox Rusiyadan asılılığı var və İran Rusiyaya daha çox ehtiyacı olan ölkədir".
Ekspert hesab edir ki, İran Zəngəzur dəhlizinin əhəmiyyətini özünə geosiyasi və geoiqtisadi baxımdan rəqib kimi görür və bu səbəbdən etirazını davam etdirəcək:
"Etiraz etmək İranın haqqıdır və Zəngəzur dəhlizinin Ermənistan ərazisində olduğunu nəzərə alsaq və bunun əhəmiyyətli tərəflərini düşünsək, burada iqtisadi inkişaf baxımından böyük ölkələrin maraqlarını nəzərə alsaq, bu layihənin həyata keçirilməsində heç bir gücün dura bilməyəcəyini görmək olar".
Anar Əliyev











































