Ermənistan rəsmilərinin sülh sazişi ilə bağlı suallardan qaçdığı, Nikol Paşinyanın isə utanmadan yalan danışıb Azərbaycan Konstitusiyasında guya Ermənistan Respublikasına qarşı ərazi iddialarının olduğunu iddia edtdiyi bir vaxtda Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirməsi real sülh naminə atılan olduqca mühüm addımdır. Biz bu cür sülhsevər davranışları Ermənistandan gözlədiyimiz halda, rəsmi Astananın sözügedən təklifi İrəvanı sülhə doğru təşviq etmək baxımından önəmli təşəbbüsdür.
Dövlətimizin başçısı Qazaxıstan liderinin bu təklifinə müsbət münasibət bildirib və Azərbaycan üçün Astanada iki ölkə arasında sülh danışıqlarının aparılması təklifinin məqbul olduğunu qeyd edib. Xatırladaq ki, Qazaxıstan bundan öncə də bir dəfə Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün platforma rolunu oynayıb və həmin danışıqların nəticələrindən hər iki tərəf – Bakı da, İrəvan da razı qalıb. Yəni ki, tərəflərin Qazaxıstanın ev sahibliyi ilə danışıqları davam etdirmək üçün artıq müsbət təcrübəsi var. Bu mənada Astananın sülh danışıqları aparılması üçün yenidən platforma rolu oynamaq təklifi ilə çıxış etməsi həqiqətən də təqdirə layiq haldır. Tokayevin İlham Əliyevə təklifi Qazaxıstanın Azərbaycanın sülhə nail olmasında maraqlı olduğunu göstərir.
Azərbaycan sülh danışıqlarının Astanada davam etdirilməsinə hazırdır. Ermənistanın da danışıqların növbəti raundunun Astanada keçirilməsinə razılıq verəcəyi barədə isə hələlik heç bir rəsmi məluat yoxdur. İrəvan Tokayevin sözügedən təklifinə münasibət bildirməyib. Ancaq böyük ehtimalla, Ermənistan da danışıqların Astanada aparılmasına konstruktiv yanaşacaq. Ermənistan tərəfinin Tokayevin təklifinə qarşı çıxmaq üçün heç bir tutarlı arqumenti yoxdur. Paşinyan da başa düşür ki, Vaşinqton, Brüssel və Moskvadan fərqli olaraq hazırda sülh danışıqları üçün ən optimal platforma Astanadır. Ona görə də İrəvan Qazaxıstan liderinin təklifini düzgün dəyərləndirməli və sülh üçün əlverişli fürsəti qaçırmamalıdır.
Biz isə öz növbəmizdə bütün hallarda dost və qardaş ölkə olan Qazaxıstana Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edirik. Beynəlxalq prosesləri düzgün dəyərləndirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev anlayır ki, Mərkəzi Asiyanın gələcək inkişaf yolu məhz Cənubi Qafqazdan keçir. Zəngəzur dəhlizinin açılması Azərbaycana və böyük güclərə lazım olduğu qədər Mərkəzi Asiya dövlətlərinə də, o cümlədən Qazaxıstanın özünə də hava-su qədər lazımdır. Bu isə ilk növbədə regionda dayanıqlı sülhün əldə olunmasını tələb edir. Qazaxıstan bu istiqamətdə öz töhfəsini əsirgəmir.
Ümumiyyətlə, Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindən biri kimi hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycan və Qazaxıstan liderləri telefon söhbəti əsnasında iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıblar. Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qazaxıstan münasibətləri siyasi liderlərin səyləri nəticəsində getdikcə daha da möhkəmlənir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri