"Gürcüstanda parlament seçkilərinin nəticələrinin bu cür olacağı gözlənilən idi. Çünki gürcü xalqı, Gürcüstan cəmiyyəti Qərbin bu ölkədə tez-tez hazırlayıb həyata keçirdiyi yalançı demokratik inqilablardan təngə gəlib, bezib. Ona görə də gürcü xalqı seçkilərdə Qərbin dəstək verdiyi siyasi müxalifətə etimad göstərmədi".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstandakı parlament seçkilərinin nəticələrini şərh edərkən səsləndirib. O bildirib ki, gürcü xalqı indiki situasiyada Gürcü Arzusu Partiyasına etimad göstərməklə siyasi sabitlik, davamlı inkişafa səs vermiş oldu:
"Həqiqətən də Gürcü Arzusu Partiyası hökumətə rəhbərlik etdiyi dövrdən qonşu ölkədə müsbət dinamika, iqtisadi inkişaf meyilləri özünü ciddi şəkildə göstərməyə başlayıb. Gürcüstan hökumətinin ölkədə həyata keçirdiyi sosial xarakterli layihələr, insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar bu ölkədə yaşayan azərbaycanlılardan da yan keçməyib və hakimiyyət ötən dövr ərzində soydaşlarımızın bu və ya digər problemlərinə diqqətlə yanaşıb, həmin problemlərin həlli istiqamətində ciddi addımlar atıb. Məhz buna görədir ki, Gürcüstan azərbaycanlılarının mütləq əksəriyyəti də seçkilərdə Gürcü Arzusu Partiyasına səs verdi".
Arzuman Muradlı onu da deyib ki, Gürcü Arzusu regionda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və qonşuluq münasibətlərini inkişaf etdirməyə çalışır.
Süleyman