Xoşbəxtliyimiz öz əlimizdədir. Həyatımız bəzən mənalı olmaya bilər. Amma biz ona məna verməyi bacarmalıyıq. Çalışmalıyıq ki, xoşbəxt yaşayaq, üzərimizə düşənləri düzgün edə bilək, istər ailə başçısı kimi, istər dost kimi, istərsə də hər hansı vəzifənin icraçısı kimi.
Bir şeyi qəbul etməliyik həyatımız və rollarımız müvəqqətidir bir gün başlayıb, bir gün də bitəcək. Hər birimizin həyatı uzun və ya qısa bölümlərdən ibarət serialdır. Həmin serialı maraqlı etmək üçün çalışmalıyıq. İnsanlardan inciməməliyik, Bizə qarşı pis olanlar hərəsi bir cür pisdir, yaxşı olanlar isə bir cür yaxşıdırlar.
Həyatımızda bəzi insanlar var, onlardan inciməməliyik, qəbul etməliyik. Çünki, onlar neçə doğulublar, helə də yaşayacaqlar, həmişə olduqlarından fərqli - işləmədikləri halda əməksevər, xəyanətkar xislətli olduqları halda dostcanlı görünməyə çalışacaqlar, tanımayanlar onları ən yaxşı adamlar kimi qəbul edəcək, bu haldan narahat olmamalıyıq, çünki, dünya dairəvi və tarix obyektivdir, bir gün hər kəsin əsl qiymətini veriləcək.
Xəyanətkar xislətli, düşüncələrində problem olan eqolu insanlarla heç vaxt bacarmayacağıq. Çünki biz belə deyilik...
Ailəmiz, qohumlarımız, dostlarımızla münasibətlərimiz elə qurulmalıdır ki, düşəndə heç kəsdən nəsə ummayaq, yuxarı qalxanda da bizdən heç kəs heç nə ummasın.
Münasibətlərimizə, düşüncə sərhədlərimizə xəyanət edən hər kəsi tarixin ünvansız qəbirstanlığında dəfn edib, ətrafımızı təmizləməli, harada hansı şəraitdə, hansı mühitdə oluruqsa olaq xoşbəxt yaşamalı və yaratmaqmalıyıq. Çünki, bu həyat bizə 1 dəfə verilir. Yaşaya bilmiriksə ömür boyu günahkar axtarmayaq, çünki günahkar Özümüzük…
Taleh Rəşidov