
İyunun 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri bildirib ki, bizim iclasımız Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. İki gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək.
Spiker bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi.
Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.
Spiker vurğulayıb ki, Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirib, ordunu möhkəmləndirib.
Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.
Milli Məclisin sədri təklif edib ki, Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın. Və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
Spiker Sahibə Qafarova bayram münasibəti ilə hər kəsə təbriklərini çatdırıb.
Sonra Milli Məclisin sədri qeyd edib ki, bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 11-də və 12-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzar səfərdə olub.
Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının Şura iclasında və 14-cü plenar iclasında iştirak etmək idi. O, xatırladıb ki, 2024-cü ildə TÜRKPA-ya sədrliyi Azərbaycan Respublikasının Milli Məclisi edib.
Spiker bildirib ki, iyunun 12-də TÜRKPA-nın Şura iclasında o, Milli Məclisin təşkilata sədrliyi dövründə görülmüş işlərə dair hesabatla çıxış edib. Ötən dövrdə TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verib.
İclasda təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub, həmçinin təşkilata sədrlik Qazaxıstan Parlamentinə keçib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, elə həmin gün Türk Dövlətləri Parlament Assambleyasının 14-cü plenar iclası keçirilib.
İclasda "Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda müzakirələr aparılıb. Spiker oradakı çıxışında müasir dövrdə dost və qardaş türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün yaranan şəraitdən danışıb. Türk birliyinin güclənməsinə Azərbaycanın verdiyi töhfələri qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütün türk dünyası üçün tarixi nailiyyət olduğunu vurğulayıb.
Spiker qeyd edib ki, oradakı çıxışında TÜRKPA çərçivəsində iş birliyinin ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı üçün parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açdığını bildirib.
O, çıxışında iyirmi birinci əsrin türk xalqları üçün yeni imkanlar əsri olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “İyirmi birinci əsr türk dünyasının inkişafı əsri olmalıdır” kəlamını da xatırladıb.
İclasın yekununda Astana Bəyannaməsi qəbul olunub.
Milli Məclisin deputatı Ramil Həsən plenar iclasda TÜRKPA-nın yeni Baş katibi seçilib. Spiker bununla bağlı deputat həmkarını təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb.
Spiker bildirib ki, TÜRKPA-nın 14-cü plenar iclasından sonra keçirilən mətbuat konfransındakı çıxışında o, qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətə çox böyük əhəmiyyət verir.
Qardaş ölkələrin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın mahiyyətində Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrinin dayandığını bildirib.
Milli Məclisin sədri çıxışında bildirib ki, Astana şəhərinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər də keçirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə nümayəndə heyətləri rəhbərlərinin görüşündə türk birliyinin inkişafının parlamentlər səviyyəsində dəstəklənməsi barədə fikir mübadiləsi aparılıb.
Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler ilə görüşlərdə isə parlamentlərarası əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Spiker çıxışının sonunda Qazaxıstan Respublikasına işgüzar səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.
Sonra parlamentin sədri Sahibə Qafarova plenar iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi olduğunu deyib. Spiker qeyd edib ki, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcək.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələni təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.
Komitə sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir. TDTMMM-in əsas funksiyalarına fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və s. kimi tədbirlər aiddir.
Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. TDTMMM-in inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və TDTMMM-in Katibliyi aid edilir. Nazirlər Şurası ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev məsələ barədə bu komitənin rəyini açıqlayıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Aydın Hüseynov, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Sahib Alıyev məsələ ilə bağlı fikirlərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.
Komitə sədri bildirib ki, layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir.
Cinayət-Prosessual Məcəlləsi üzrə isə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif olunur. Belə ki, müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin rəisi müstəntiqin bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, habelə bu Məcəllənin 85.6.2-ci maddəsinə uyğun olaraq həyata keçirilən nəzarət çərçivəsində müstəntiqin cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir müstəntiqin icraatından götürərək digər müstəntiqin icraatına verir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, əvvəlki iki oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Millət vəkili qeyd edib ki, layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin ikinci oxunuşda plenar iclasda qəbul edildikdən sonra əlavə heç bir təklifin daxil olmadığını söyləyib və sənədin dəstəklənməsini xahiş edib.
Layihədə nəzərdə tutulan dəyişikliyə əsasən, sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq, 5 ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını (DPİ) həyata keçirməsi təklif olunur. Sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yerinin və aylıq vəzifə maaşının saxlanılması müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov məsələ barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını bildirib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə "Pasportlar haqqında" Qanuna təklif olunan düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir. "Dövlət qulluğu haqqında" Qanunda isə inzibati və yardımçı vəzifələr təsnifatına yeni vəzifənin - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsinin əlavə edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, qeyd edib ki, növbəti məsələ “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsidir (ikinci oxunuş). Sədr bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumat verərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və illik hesabatın birinci oxunuşda ətraflı müzakirə edildiyini bildirib.
Komitə sədri dövlət büdcəsinin icrasının büdcə prosesinin vacib mərhələlərindən biri olduğunu deyib. Qeyd edib ki, büdcənin icrası üzrə hesabatlılıq büdcə prosesinin və büdcə nəzarətinin ayrılmaz tərkib hissəsidir. O, büdcə prosesinin və onun təkmilləşdirilməsinin davamlı xarakter daşıdığını, Maliyyə Nazirliyində büdcə sisteminin və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplarının yaradıldığını söyləyib.
Azər Əmiraslanov vurğulayıb ki, 2024-cü ilin büdcəsi dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb. Xüsusilə müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər olaraq davam etdirilib. O, ötən ilin dövlət büdcəsinin əlverişli makroiqtisadi şəraitdə icra edildiyini, büdcə parametrlərinin müsbət trendlərə malik olduğunu deyib.
Komitə sədri bildirib ki, aparılan müzakirələrin nəticələrini, eyni zamanda Hesablama Palatasının rəyini nəzərə almaqla, müvafiq hesabatla birlikdə təqdim edilmiş qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və strateji sənədlərin müddəalarına cavab verir. O, 2024-cü ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə və sosial-iqtisadi hədəflərə uyğun olaraq uğurla icra edildiyini vurğulayıb.
Məsələ ilə bağlı müzakirələrdə parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Jalə Əliyeva, Rəşad Mahmudov çıxış edərək, öz fikir və qeydlərini səsləndiriblər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Azər Əmiraslanov çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər.
İclasda iştirak edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsi ölkənin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönəlmiş siyasəti özündə əks etdirən əsas sənəddir. Büdcənin icrası isə bu öhdəliklərin həyata keçirilməsinin göstəricisi, Hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində büdcənin icrası ilə bağlı zəruri tədbirlər görüldüyünü, makroiqtisadi göstəricilərin müsbət tendensiya üzrə inkişaf etdiyini, sosial proqramların icrasının təmin olunduğunu, iqtisadi inkişaf, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaitinin səfərbər edildiyini vurğulayıb. Bununla yanaşı, ötən il ərzində Böyük Qayıdış Proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsinin və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin geniş vüsət aldığını söyləyib.
Nazir qeyd edib ki, hesabat ilində, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatı, dövlət borcu, beynəlxalq təşkilatlara üzvlük və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilib.
Sahil Babayev çıxışında müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən məsələlərlə bağlı öz fikirlərini açıqlayıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, qeyd edib ki, bu məsələ ilə əlaqədar ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov iclasda iştirak edirlər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyib. Komitə sədri məhkəmə qərarlarının icrası sahəsində mövcud vəziyyət barədə danışaraq, bu qərarların təmin edilməsi üçün təsirli tədbirlərin görüldüyünü deyib, bu baxımdan təqdim edilən qanun layihəsinin əhəmiyyətindən söhbət açıb.
Qanun layihəsində ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması təklif olunur. Sənəddə Ədliyyə Nazirliyinin hesabına daxil olan pul vəsaitlərinin vahid hesabda cəmlənməsi və həmin vəsaitin ədliyyə orqanlarının bütün əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, nazirliyin elmi-texniki potensialının artırılması və digər məqsədlərə sərf edilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.
Komitə sədri layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib. O, qeyd edib ki, qanun layihəsinin əsas mahiyyəti bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, sərf olunan vəsaitin qanunvericiliyin tələblərinə uyğun olmasıdır.
Sənədə əsasən, "Bələdiyyələrin statusu haqqında" Qanuna təklif olunan yeni maddədə bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanuna edilən dəyişiklikdə isə sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi təklif olunur. Layihədəki digər dəyişikliklər bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Deputat Razi Nurullayev məsələ barədə bəzi qeyd və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən dəstəkləndiyini qeyd edərək, bununla yanaşı, bəzi sual və təkliflərin səsləndirildiyini söyləyib. Komitə sədri qaldırılan məsələlərin aktuallığını və ictimai marağı nəzərə alaraq, parlamentin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə Milli Məclisdə parlamentin bir sıra komitə sədrlərinin, deputatların, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini, maraq doğuran bir çox məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.
Sadiq Qurbanov bildirib ki, təqdim olunan qanun layihəsi enerji sektorunda hüquqi, texniki, institusional mexanizmlərin təkmilləşdirilməsinə yönəlib. O, qeyd edib ki, sənəd istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Komitə sədri qanun layihəsinin istilik təchizatı sektorunda mövcud boşluqların və ziddiyyətlərin aradan qaldırılmasına, dayanıqlı inkişafa, yüksək xidmət keyfiyyətinin təmin olunmasına xidmət etdiyini, vətəndaşların rifahının, həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini, sistemli tənzimləmə mexanizminin formalaşdırılmasını təmin edəcəyini söyləyib.
Müzakirələrdə deputatlar Vüqar Bayramov, Razi Nurullayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar, bəzi təkliflərini irəli sürüblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. Spiker növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.
Gündəliyin 10-cu məsələsi olan "Qaz təchizatı haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib.
O bildirib ki, sənədin qəbulu qaz sektorunda islahatların dərinləşməsində, sahə üzrə münasibətləri tənzimləyən sənədlərin zəruri hüquqi bazasının yaradılmasında mühüm bir mərhələ açacaq. Layihə ölkəmizin qaz təchizatı sistemində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşdırılması məqsədi ilə hazırlanıb. Vurğulanıb ki, qaz təchizatının dayanıqlılığı, təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, bu sahədə şəffaf idarəetmə və tənzimləmə, bərabər və ayrı-seçkiliyə yol verməyən xidmət imkanları qanun layihəsində dövlət siyasətinin əsas prinsipləri kimi təsbit olunub. İstehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlərin qurulması da sənədin əsas istiqamətlərindəndir. Diqqətə çatdırılıb ki, layihədə qazın hasilatı, nəqli, paylanması və satışı kimi funksiyaların hüquqi ayrılığı təmin olunur, tariflərin hesablanması üçün şəffaf mexanizmlər təklif olunur.
Qanun layihəsinin hədəflərindən danışan komitə sədri diqqətə çatdırıb ki, layihənin qəbul edilməsi ilə əlaqədar qaz təchizatı sahəsində mövcud olan qanunvericilik yenilənəcək və yeni qaydalar hazırlanaraq təsdiqlənəcək.
Gündəliyin 11-ci məsələsi olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb.
Komitə sədri bildirib ki, qanun layihəsi müzakirədə olan "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, "Qaz təchizatı haqqında" qanun layihəsinə əsasən, "qazın saxlanması" fəaliyyəti icazə əsasında həyata keçirilən fəaliyyət növü kimi təsbit edilib. Buna uyğun olaraq, "Lisenziyalar və icazələr haqqında" Qanunda "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda “qazın saxlanmasına icazə”nin təsbit olunması nəzərdə tutulur.
Layihələrin müzakirəsində deputatlar Razi Nurullayev və Əli Məsimli çıxış edərək, fikirlərini səsləndiriblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səslənən fikirlərə münasibət bildirəndən sonra qanun layihələri birinci oxunuşda qəbul edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov gündəliyin sonuncu məsələsi olan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən layihəni elektroenergetika sektorunda aparılan genişmiqyaslı islahatların məntiqi davamı kimi dəyərləndirib. Bildirilib ki, bu dəyişikliklərin mahiyyəti yalnız texniki xarakter daşımır. Əslində, bu təşəbbüs ölkədə enerji təchizatının səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və enerji sisteminin iqtisadi dayanıqlığının təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Komitə sədri bildirib ki, qanun layihəsinin əsas predmeti “sabit tarif” anlayışının qanuna daxil edilməsidir. O, bu anlayışı müasir və inkişaf etmiş iqtisadi modellərdə istifadə olunan, iqtisadi əsaslara söykənən və enerji xidmətlərinin davamlığını təmin edən element kimi xarakterizə edib. Yəni, bu, enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Qeyd olunub ki, bu məbləğ faktiki olaraq hazırda istehlakçılar tərəfindən ödənilir, sadəcə tarif strukturunda ayrıca göstərilmir. Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsinin heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü yaratmadığı diqqətə çatdırılıb.
Sabit tarifin əhəmiyyətindən danışan komitə sədri vurğulayıb ki, bu tarifin tətbiqi elektroenergetika fəaliyyəti sahələrinin strukturlaşmasına müsbət təsir göstərərək, onların dayanıqlığının və rəqabət qabiliyyətinin artmasına xidmət edəcək.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Süleyman