
Həyat insana çox şeyi zamanla, sakit-sakit, amma ən ağrılı şəkildə öyrədir. Mən də öyrəndim… Öyrəndim ki, ikiüzlü insanlar bir-birini ilk baxışdan tanıyır. Onlar heç vaxt səhv etmir, çünki eyni maskanın altında nəfəs alırlar. Onların baxışları gizlindir, sözləri şirin, niyyətləri isə it dişindən iti olur. Bir gün görürsən ki, insan sandığın kəs əslində yalnız rahatlıq düşərgəsi üçün yanında dayanıb. Bir gün öyrənirsən ki, sən “dost” dediyin adam üzündəki maskanı yorulanda çıxarıb başqasına verir, o da öz növbəsində həmin maskanı taxıb sənin qarşına çıxır. Və sən donub qalırsan: demək, bu qədər eyni imza, eyni yalan, eyni sükut təsadüf deyilmiş…
Həyatın ən acı dərslərindən biri budur, Səmimiyyətin qiyməti bahadır, saxta gülüşün isə alıcısı çox. İkiüzlülər bir-birini hara getsə tanıyır, çünki onlar eyni yerdə dayanırlar, ürəksizliyin sərhədində. Amma yenə də həyatın öz gözəlliyi var, Sən təmiz qaldıqca, qəlbin ağırlaşmır. Sən üzsüz maskalara bürünmədikcə, baxışın dəyişmir. Onların yalanı sənə çatmaz, çünki sənin dayandığın yer daha yüksəkdir. Sən içindəki işığı qoruduqca, onların maskaları bir gün mütləq düşəcək… və geridə ayaqlarının altında sınmış plastik bir üz qalacaq.
Həyatın tənqidi belədir ki, kimliksizlikdə yaşayanlar sonda özlərinin belə tanımadığı bir boşluğa çevrilir. Səmimi olan isə az olur, amma hər zaman ucalır.
Əli İbrahimov









































