
“Mərkəzi Asiyaya qlobal miqyasda diqqətin və marağın artması təsadüfi deyil. Çünki region bir neçə böyük geosiyasi xəttin kəsişməsində yer alır və məhz bu səbəbdən qlobal güclərin maraqları burda kəsişməyə başlayır”.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, regiona ABŞ və Çinlə bərabər, Avropanın da maraqları region ölkələri üçün önəmli hesab oluna bilər:
“Avropanın Rusiyadan enerji və digər sahələrdə asılılığını azaltmaq istəyi Xəzər dənizi və Mərkəzi Asiyaya diqqəti artırıb. Azərbaycan, Qazaxıstan və Türkmənistan enerji və nəqliyyat körpüsü rolunu oynayır. Orta Dəhliz (Çin-Mərkəzi Asiya -Xəzər-Qafqaz-Türkiyə- Avropa) artıq real alternativ olaraq möhkəmlənməkdədir. Orta Dəhliz Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir və bu gün Azərbaycan və Orta Asiya ölkələri, Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici əlaqə, körpü rolunu oynayır.

“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının iştirakçısı seçilmiş Azərbaycan, Mərkəzi Asiya ölkələri ilə siyasi müstəvidə, ortaq platformada tamhüquqlu təmsilçiliyini əldə etdi. Məşvərət Şurası Mərkəzi Asiya ölkələrinin siyasi iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə qurulsa da, qurum Azərbaycanı da sıralarına qatmaqla tədricən beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməkdədir və bu istiqamətdə yürüdülən siyasət, məhz ABŞ-ın regionla bağlı siyasəti ilə üst-üstə düşür və bölgədə enerji və resurs təhlükəsizliyinə, həmçinin Avrasiyada sabitlik və balanslı siyasətin qorunmasına xidmət edir. ABŞ tərəfindən dəstəklənən bu qəbildən bütün siyasi və iqtisadi platformalar, Rusiyanı regionda geosiyasi baxımdan zəiflədir və çevrəsini daraltır. Bu baxımdan Mərkəzi Asiyada ABŞ-ın maraqları ilə uzlaşma prosesi uzunmüddətli strateji xətt olaraq proqnozlaşdırılır”.
Süleyman










































