
"Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən son dinləmələr əslində bölgədəki sülh prosesinə qarşı ciddi təxribat kimi qiymətləndirilə bilər. Görünən odur ki, Avropa İttifaqı müxtəlif platformalarda öz siyasətini Cənubi Qafqazdakı maraqları naminə qurur və bu, sistematik şəkildə Azərbaycanın maraqlarına zidd addımlar şəklində özünü göstərir. Belə bir yanaşmanın aydın nümunəsi Aİ-nin Ermənistanla imzaladığı son sənəddir. Həmin sənəddə ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış TRİPP layihəsinə istinadın olmaması, Avropa və Ermənistanın Vaşinqtonun təşəbbüslərinə qarşı çıxdığını göstərir".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Aİ daxilindəki sorosçu və liberal qrupların, bölgədə yaranan sülh gündəliyinə mane olmaq məqsədilə müxtəlif fəaliyyətlər yürütdüyü ortadadır. Avropa Parlamentində təşkil olunan dinləmələr də elə əslində buna xidmət edir:
"Azərbaycana qarşı sərgilənən gərəzli və tənqidçi mövqe sülh prosesinə mane olmaq niyyətinin açıq ifadəsidir. Qeyd etmək lazımdır ki, bu yanaşma Aİ-nin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyində ikili standartların mövcud olduğunu bir daha nümayiş etdirir. Biz uzun illər ərzində Aİ-nin Gürcüstan, Ukrayna və Moldova kimi dövlətlərin ərazi bütövlüyünə necə dəstək verdiyini, amma Azərbaycan gəldikdə fərqli mövqe sərgilədiyini görmüşük".
Politoloq deyib ki, ikili standartlar özünü sanksiya siyasətində də göstərir:
"Məsələn, Azərbaycanın bir neçə gəmisinə qarşı sanksiya tətbiq edən Aİ nədənsə hələ də Yunanıstan və Kiprin gəmiləri ilə bağlı oxşar qərarlar verməyə tələsmir və ya hələ də Rusiyadan böyük miqdarda neft alan Almaniya və digər Ai ölkələrinə qarşı müvafiq addımlar atmır. Rusiyaya sanksiyalardan yayınmaq üçün dəstək verən, Avropada istehsal olunan strateji məhsulların reeksporu ilə məşğul olan Ermənistanla bağlı oxşar qərarlar qəbul etmir".
Süleyman












































